Erməni sapyorlar Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıblar.
Bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanla yeni sərhəd bu ərazidən keçəcək. Hazırda ərazidə 25-ə yaxın erməni sapyorun işlədiyi bildirilib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, ermənilər 4 kəndlə bağlı əldə edilən razılığa əsasən həmin addımı atırlar:
“Bu bir daha sübut edir ki, ermənilər işğal etdiyi ərazilərdə çoxsaylı minalar basdırıb. Hətta anklav olmayan 4 kəndin ərazisində də minatəmizləmə işlərinə başlanılması buna bir nümunədir. Amma ermənilərin minaları, tamamilə təmizləyəcəyinə inanmaq olmaz. Azərbaycan bütün hallarda bizə aid olan hissələrdə təkrar minatəmizləmə prosesini davam etdirəcək. Ümumiyyətlə, kəndlərin qaytarılması və sözügedən prosesin aktiv aparılması təqdirəlayiq haldır. Ümid edirəm ki, digər kəndlərimizlə bağlı da uğurlu addımlar atılacaq. Eyni zamanda, sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin şahidi olacayıq. Amma qonşu dövlət olan Ermənistanın təxribatlarına hər zaman hazır dayanmalıyıq”.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.