Qazaxın işğal altında qalan kəndlərindən dördünün Azərbaycana qaytarılması bu istiqamətdə yerləşən Ermənistan ordusunun da geri çəkilməsi ilə nəticələnəcək.
Publika.az xəbər verir ki, hazırda sərhədin bu hissəsində geodeziya ölçmələrinə əsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.
Yaxın müddətdə bu prosesin tamamlanacağı gözlənilir. Ermənistan mediasının məlumatına görə, kəndlərin qaytarılması ilə bu istiqamətdə yerləşən “müdafiə xətti” də ləğv edilir və erməni ordusu geri çəkilir. Əskiparada yaşayan ermənilər qoşunların artıq ərazidən çıxarıldığını deyirlər. Bu istiqamətdə yerləşən erməni qoşunlar Ermənistan ordusunun 3-cü korpusunun bölmələridir. Delimitasiya başa çatdıqdan sonra sərhədin qorunması Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Tural İrfan bildirib ki, Qazax rayonunun anklav olmayan 4 kəndinin azad edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir:
“Əgər rahatlıqla qaytarılmasa idi ciddi addımlar atılacaqdı, ola bilsin Xankəndi məsələsindəki kimi lokal tipli antiterror əməliyyatları da istisna edilmirdi. Ermənistan bunu anladı və baş nazir Paşinyanın o bölgəyə səfərində dilə gətirildi. Erməni tərəfi Azərbaycanın əvvəlki qələbələrini göz önünə alaraq qeyd-şərtsiz Azərbaycana məxsus olan kəndləri əldə saxlaya bilməzdi. Əgər müharibə olsa idi Ermənistan həm hərbi, həm də siyasi cəhətdən uduzmaqla yanaşı, beynəlxalq aləmdə daha pis duruma düşəcəkdi. Təbii ki, kəndlərin qaytarılması zəminində Ermənistan ilə Azərbaycan arasında qurulacaq münasibətlər də gündəmdədir. Paşinyan hökumətinə müxalif qüvvələr habelə xarici təsirlər öz maraqlarına alət edib dalana aparırdı. Bir müddət vaxtı uzatmaqla özlərinə nəfəslik axtardılar, ancaq gördülər ki, zaman ziyanlarına işləyir. Bir az da keçsə, Azərbaycan onlara verdiyi möhləti və sülh təklifini kənara qoya bilər. Xarici təhrikçilər isə Ermənistanı xilas edə bilməz. Artıq delimitasiya və demarkasiya prosesləri tamamlanıb və növbəti proseslərə keçmək zamanıdır. Ermənistan cığallıq və revanşist niyyətlərlə inkişafdan, sülhdən kənar qalmaqla təcrid olunacağını anlamağa başladı və şansın itirilicəyindən narahat olaraq buna rəvac verdi. Eyni zamanda, başqa alternativ yolu qalmadığını gördü, kəndləri sakitcə verib bu addımdan maksimum yararlanmaq məqsədi güddü”.
Ekspert bildirib ki, yerli əhalini də radikal qruplar qızışdırıb etiraza təhrik edirlər:
“Vaxtilə onları əvvəlki hakimiyyətdəkilər inandırıblar ki, bu torpaqlar bizimdir. İndikilər də gəlib deyirlər ki, bizim deyil, çıxmalısınız. Beləliklə erməni hakimiyyətinə əhalinin etibarı itir ki, bu da hər bir halda bizim işin xeyrinədir. Gec-tez erməni əhalisi də anlayacaq ki, onları hakimiyyətləri alət kimi, qalxan kimi istifadə edərək iki xalqı düşmən ediblər. Hesab edirəm ki, proseslər tamamilə Azərbaycanın xeyrinə davam edir. Növbəti mərhələ isə ermənilərin "müdafiə xətti"nin ləğv edilərək, sərhədlərin delimitasiya və demarkasiyası, yerdə qalan 4 kəndin də azad edilməsidir. "Müdafiə xətt" lərinin götürülməsi Ermənistan üçün müharibə niyyətindən vaz keçmək lazım olduğunu göstərir. Bunu Real sülhə doğru addım hesab etmək olar. Əgər Ermənistan xarici müdaxilə və təsirlərə tab gətirə bilsə, sülhə səmimi qol qoysa, Azərbaycanın bütün tələblərini icra etsə, bunu onların hakimiyyətinin uğuru hesab etmək olar”.