Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuat bəyanatında bildirib.
İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. “Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Səfəri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan-Qırğızıstan dost və qardaş ölkələrdir:
“Azərbaycan son dövrlər Türk Dünyası ilə sıx əməkdaşlıqlar həyata keçirir. Çünki Cənab Prezident elan etdi ki, bizim ailəmiz Türk Dünyasıdır və Azərbaycan bu istiqamətdə qərarlı fəaliyyətlər həyata keçirməyə davam edəcək. O cümlədən Qırğızıstanla həm Türk Dövlətləri Təşkilatında (TDT), həm də digər təşkilatlarda əməkdaşlıqlar həyata keçiririk. Eyni zamanda, Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıqlar mövcuddur. Azərbaycan Qırğısıztan, digər Mərkəzi Asiya və türk dövlətləri tərəfindən etibarlı tərafdaş kimi tanınır. Qırğızıstan Prezidentinin Azərbayacana səfəri həmin münasibətlərdə yeni səhifə açacaq. Bu səfər iki ölkənin dostluq münasibətlərinin inkişafı və ümumi türk dünyasının inteqrasiyası baxımından çox önəmlidir”.