Qarabağ münaqişəsinin həll edilməsi ilə tərəflər arasında əlaqələr tarixi məqama yaxınlaşıb
İlham Əliyevin Moskvaya səfəri bir daha sübut etdi ki, Rusiya-Azərbaycan münasibətlərində getdikcə daha müsbət meyillər yaranır. Deyə bilərik ki, bu gün münasibətlər yeni mərhələni yaşayır: həmişə kölgədə qalan ərazi, Qarabağ problemi nəhayət ki, həllini tapıb.
Bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko deyib.
“Moskva və Bakı üçün mahiyyət etibarı ilə bu mənfi böyük problemdir. Onun həlli imkan verəcək ki, ikitərəfli münasibətlərə və həqiqətən mühüm birgə layihələrə - o cümlədən regional və qlobal səviyyədə - daha çox vaxt ayıraq. Bu gün Moskva və Bakı bir-biri üçün həqiqətən çox vacib tərəfdaşlardır. İki ölkə lideri Kremldə Şimal-Cənub layihəsinin həyata keçirildiyini bəyan edib. Bu, həm praktiki, həm də imic baxımından Rusiya üçün həqiqətən vacib layihədir. Azərbaycan üçün də onun mühüm perspektivləri var, çünki ölkə özünü mühüm nəqliyyat qovşağı, Şərqlə Qərbin kəsişmə nöqtəsi kimi göstərir. Bundan əlavə, Əliyev bu yaxınlarda çox mühüm bəyanat verdi ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması yalnız Azərbaycanla Rusiya arasında münasibətləri gücləndirdi. Rusiya Qarabağdan sülhməramlılarını çıxararaq indi Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası məsələsini birbaşa özlərinin həll etməsinə imkan verir”, - o bildirib.
Fenenkonun fikrincə, maraqlı qüvvələr nə qədər çalışıb, Moskva ilə Bakını bir-birinə qarşı qoymaq istəsələr də, bu mümkün deyil:
“Ona görə də onların diqqəti Rusiya-Ermənistan münasibətlərinə keçib. Burada dava-dalaş planının icrası kifayət qədər uğurla həyata keçirilir. Bu, çoxdan Qərbin istifadə etdiyi yeni xəritədir. Bu bir daha təsdiq edir ki, Azərbaycan bu gün Rusiya üçün şəffaf, etibarlı tərəfdaşdır. Biz birlikdə irəliləyirik. Əliyev ötən gün bildirib ki, Azərbaycan Ukraynaya silah vermir və bunu prinsipcə edə bilməz. Bu, bir daha Əliyevin prinsipial insan olduğunu, həm də Rusiya ilə münasibətlərin onun üçün önəmli olduğunu sübut edir. Bu gün Cənubi Qafqazda yalnız Azərbaycan Rusiyanın yeganə sabit tərəfdaşıdır”.
Fenenkonun fikirlərinə münasibət bildirən politoloq İlqar Vəlizadə “Sherg.az”a qeyd edib ki, İki ölkə arasında müxtəlif səfərlərin baş tutması ikitərəfli dialoqların intensiv hal aldığını göstərir:
“ Rəsmi Moskva ilə ticarət mübadiləsi sahəsində artım inkişaf edib. Rusiya ilə yol-nəqliyyat çərçivəsində də sıx əlaqələrimiz var. Eyni, zamanda digər layihələr var ki, Rusiya və Azərbaycan üçün çox önəmlidir. Qeyri-neft istiqamətində də münasibətlərimiz Şimal qonşumuz ilə yüksək səviyyədədir. Qeyri-neft məhsullarına görə Azərbaycan üçün Rusiya bir nömrəli bazar sayılır. Digər tərəfdən rus sülhməramlılarının Qarabağdan çıxarılmasını və regionda Rusiyanın hərbi faktorunun minimuma endirilməsini nəzərə alsaq iki ölkə arasında münasibətlərin yeni mərhələ qədəm basdığını deyə bilərik. Rusiya və Azərbaycan Cənubi Qafqazda stabilliyin saxlanılmasında maraqlıdırlar və yeni münaqişənin alovlanmasını istəmirlər. Ona görə də iki ölkənin dövlət maraqları üst-üstə düşür. Beləliklə, rəsmi Bakı və Moskva arasında münasibətlət strateji xarakter daşıyır. İki ölkə arasında əlaqələrdə gələcəkdə də problemlər gözlənilmir. Qarabağ münaqişəsinin həll edilməsi ilə tərəflər arasında əlaqələr tarixi məqama addımlayıb. Bundan sonra da Rusiya-Azərbaycan arasında münasibətlər müsbət və konstriktiv şəkildə davam edəcək. Artıq Rusiya ilə birbaşa danışıqlar mövcuddur və xarici təsirlər bizi qarşı-qarşıya qoya bilmir”.