Ermənistan fraksiyasının məqsədi prosesi tormuzlamaqdır -AÇIQLAMA

Ermənistan parlamenti müxalifətin delimitasiya və demarkasiya ilə bağlı bəyanat layihəsinin gündəliyə daxil edilməsindən imtina edib.

“Ermənistan” fraksiyasi Azərbaycanla sərhədlərin müəyyən edilməsi haqqında bəyanat layihəsi hazırlayıb.

Bəyanatda delimitasiya-demarkasiya prosesinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, etimad mühitinin yaranmasından sonra aparılması təklif edilir. Bildirilir ki, Azərbaycan qoşunları sərhəddə irəlilədiyi mövqelərdən geri çəkilməli, Bakıda həbsdə olan ermənilər (separatçılar) geri qaytarılmaldır. Həmçinin, demarkasiyanın 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə daxil olanda mövcud olan faktiki xətlərə uyğun aparılmasını istəyirlər.

Ermənistan parlamenti isə bu bəyanat layihəsini gündəliyə daxil etməyib.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Ermənistan fraksiyasının məqsədi prosesi tormuzlamaqdır:

“Azərbaycan və Ermənistan arasında sərhədlə bağlı razılaşmadan sonra müəyyən qədər normallaşma prosesi başlayıb. Bu isə ümid yaradır ki, sülh sazişi ətrafında da ikitərəfli formatda danışıqlar aparmaq mümkündür. Ermənistan müxalifətinin məqsədi isə hakimiyyəti devirməkdir. Ona görə də müxaliflər Qazaxın kəndlərini Ermənistan ərazisi adlandırırlar. Bununla da Nikol Paşinyanı Ermənistan torpaqlarını Azərbaycana verməkdə təqsirləndirirlər. Halbuki heç bir rəsmi sənəddə həmin kəndlər Ermənistana məxsus deyil. Müxalif qüvvələrin hazırladığı bəyanat layihəsi müzakirəyə çıxarılsa, hazırki Azərbaycanla Ermənistan münasibətlərinin ruhuna uyğun gəlməyəcək. Digər tərəfdən Qazaxın Tavuş istiqamətində demarkasiya prosesinin aparılması Azərbaycan-Ermənistan arasında etimad mühitinin yaradılmasının tərkib hissəsidir. Ermənistan hakimiyyəti isə müxalifətin niyyətini anlayır və bunun sülh gündəliyinə uyğun olmadığını başa düşür”.