Fazil Mustafa: Prezident Forumda bunları qürurla söylədi

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.

Prezident bildirib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.
“Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.


Azərbaycanda bütün azsaylı xalqların, etnik qrupların və digər xalqların təmsilçilərinin yaşayışının dünyaya bir nümunə olaraq təqdim oluna biləcəyini bildirən millət vəkili Fazil Mustafa “Sherg.az”a söyləyib ki, həmin insanlarla bağlı heç bir problem yaşanmır:

“Qarabağ savaşında onların hamısı bir Vətənin övladı kimi fədəkarcasına döyüşdülər. Eyni zamanda, indiyə qədər heç bir narahatedici münasibətlər formalaşmayaraq tolerant mühir yaranıb. Azərbaycanda dini zəmində də qarşıdurma müşayiət olunmur. Bunların hamısı ölkəmizin infrastrukturunda həmin problemlərin həllini cəmiyyətinin öz iradəsi ilə tapdığını göstərir. İlham Əliyev Prezident olaraq VI Qlobal Forumda bunları qürurla söylədi. Həmçinin, Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı nikbin proqnozları tədbirdə iştirak edən mötəbər nümayəndələrin diqqətinə çatdırdı. Digər dövlətlər üçün sıxıntı olan bu məsələlər Azərbaycan üçün avantaja çevrilməkdədir. İlham Əliyev vurğuladı ki, "mədəniyyətlərarası dialoqa sahib olmaq üçün ilk növbətə öz ölkən daxilində belə fərqli mühit formalaşdırmalısan"”.