Ermənistan Baş naziri Nikol Paşinyan mayın 7-də Rusiya lideri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək
bu barədə spiker Alen Simonyan jurnalistlərə deyib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin inauqurasiyası üçün Moskvaya getməyəcək”, - Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.
Simonyanın fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a vurğulayıb ki, Nikol Paşinyanın bu addımı Qərbin istəyi ilə atılıb:
“Eyni zamanda, Ermənistanda antirusiya dalğası güclü şəkildə əsir. Ona görə də Paşinyan tərəfdarlarının xoşuna gəlmək və bunu öz daxili cəmiyyətinə göstərmək üçün etdi. Beləliklə, Paşinyan Ermənistanın gələcəyini Avropa, Amerikada görən camiyyəni öz tərəfinə çəkməklə mövqeylərini gücləndirmək istəyir. Sözügedən məsələ Rusiya və Ermənistan arasında müəyyən çatlar yaradacaq. Ümumiyyətlə, Ermənistanın Rusiyaya qarşı son demarşları iki ölkə arasında dərin çatlar yaratmalı idi. Amma Rusiya Ermənistana qarşı heç kimə göstərmədiyi səbr və təmkini göstərdi. Burada isə müxtəlif səbəblər mövcuddur. Rusiyanın Cənubi Qafqazda yeganə forpostunun Ermənistan olması, erməni diasporasının gücü və xalq içərisində olan erməni sevdası buna nümunədir. Digər tərəfdən Şimal qonşumuz düşünür ki, Ermənistan xalqı yox, Paşinyan hakimiyyəti qərbyönümlüdür. Yəni Paşinyan hakimiyyətdən getdikdən sonra yenidən xalqın rusiyayönümlü olmasında ümidlidirlər. Biz isə Rusiya və Ermənistan arasında gərginliyin dərinləşməsi üçün təkan verməliyik”.