Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
Amma Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı ilə eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərarın qəbul edilməsi gözləniləndir. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Mövzu ilə bağlı "Sherg.az”a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, qanunvericiliyə görə Azərbaycanda parlament seçkiləri uzağı Noyabr ayında baş tutmalıdır:
“Bununla bağlı qanunda seçkilərin önə çəkilmə mexanizmi mövcuddur. Parlament özünü buraxır və növbədənkənar seçkilər həyata keçirilir. Amma seçkilərin vaxtının uzadılması ilə əlaqədər konstitusiyada və Seçki Məcəlləsində heç bir nümunə yoxdur. Həmin prosesin baş tutması üçün referendum keçirib, konstitusiyanı dəyişmək lazımdır. Buna isə xüsusi ehtiyac yoxdur. Biz yaxın vaxtlarda parlamentin özünü buraxmasını və seçki təşkil etməsini gözləyirik. AĞ Partiya olaraq seçkilərə hazırlıq görürük. Onsuz da qanunvericiliyə əsasən, hakimiyyətə gəlməyin seçkidən başqa yolu yoxdur. Partiyalar seçkiləri fürsət bilərək özlərini xalqa təqdim edir, namizəd və kadrlarını tanıdır. Yəni hər bir partiya üçün seçkilər böyük fürsətdir. Ona görə də uzun müddətdir ki, hazırlıqlara başlamışıq. Azərbaycanda seçkilərin nə qədər şəffaf və ədalətli keçirilməsi də ayrıca məsələdir. Partiya şəklində çalışacayıq ki, seçki dairələrinin əksəriyyətini əhatə edək. AĞ Partiyanın rəhbəri olaraq təbii ki, namizədliyimi irəli sürəcəm. Sadəcə olaraq proseslərin daha konkret aparılması üçün dəqiq tarix açıqlanmalıdır. Çünki seçki təqvimlə baş tutan prosesdir”.