Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük Qayıdışı gücləndirməsi, delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.
Bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 7-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, keçmiş dövlət katibi Ceyms Beykerdən Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:
“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır”.
Sözügedən məsələni şərh edən politoloq Zərdüşt Əlizadə “Sherg.az”a bildirib ki, Zahid Oruc çox düzgün və ağıllı fikir səsləndirib:
“Bu sözlər sülh və insanlıq istiqamətində deyilmiş məntiqi fikirlərdir. Çox güman ki, Nikol Paşinyan Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinə dəvət ediləcək. Həmin vaxta qədər sülh sazişinin imzalanmasında ümidliyəm. Ermənistanın Baş nazirinin bu təklifi qəbul edəcəyini ehtimal edirəm. Paşinyan digər ölkələrin rəhbəri ilə birlikdə dünya miqyaslı tədbirdə iştirak edəcək. Paşinyan ilk dəfə öz gözləriylə Bakını görəcək. Azərbaycanın paytaxtında xarici ölkə rəhbərləriylə birlikdə Prezident İlham Əliyevlə görüşəcək. Bu isə Ermənistan KİV-i ilə işıqlandırılacaq. Bütün dünyaya göstəriləcək ki, Azərbaycan və Ermənistan rəhbərləri biri-birilərinin paytaxtında görüşə bilərlər. Həmin proseslərdən sonra İlham Əliyevin də İrəvana dəvət olunması mümkündür. Yəni iki dövlət arasında normal münasibətlər bərqərar olunacaq. Eyni zamanda, Türkiyə-Ermənistan arasında da münasibətlərin yenidən bərpası baş tutacaq. Zahid Oruca eşq olsun, onun fikirlərini dəstəkləyirəm”.