Mayın 4-də Müsavat Partiyasının XI Qurultayı keçirilib və 300-dən çox nümayəndənin iştirak etdiyi qurultayda İsa Qəmbər partiya sədri seçilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. Sədr vurğulayıb ki, hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır:
"Demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır". İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq: “Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq. Biz 80-ci illərdə hərəkata başlayanada əsas üç hədəfi qarşımıza məqsəd qoymuşduq. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü və demokratiya, haqq-ədalət, xalqın xöşbəxtliyi. Fakt budur ki, torpaqlarımızın azad edilməsi indiki hakimiyyətin dönəmində baş verib və biz bunu reallıq kimi qəbul edirik”. Onun fikrincə, demokratiya, haqq-ədalət, xalqın xoşbəxtliyi hədəfi qalır: “Bu hədəf böyük və mürəkkəb bir hədəfdir. Bu, mütləq olacaq". İsa Qəmbər demokratik dəyişikliklərin dinc yolla baş verməsinin təfədarı olduğunu bildirib.
İsa Qəmbərin fikirlərini şərh edən Rauf Arifoğlu isə bildirib ki, Müsavat Partiyasının yeni başqanı İsa Qəmbərə Arif Hacılıdan çox pis miras qalıb. Baş redaktorun sözlərinə görə, İsa Qəmbər darmadağın olunmuş, parçalanmış, zəiflədilmiş, qrup halına salınmış bir partiyanı təhvil alıb. Müsavat Partiyasının yenidən dirçəldilməsi, müxalifət sıralarına qaytarılması lazımdır, önəmlidir, vacibdir. Bəs İsa Qəmbər bunu edəcəkmi, yaxud edə biləcəkmi? İnanıram ki, İsa Qəmbər Müsavatı indikindən daha yaxşı vəziyyətə gətirə biləcək. Çox arzulayardım ki, sekulyar müxalifət, normal müxalifət güclənsin. İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıtması, rəhbərliyi ələ alması sekulyar müxalifətin güclənməsinə və dağıdıcı deyil, yapıcı, konstruktiv müxalifətin yaranmasına səbəb olacaq.
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn “Sherg.az”a vurğulayıb ki, sözügedən məsələyə çox inanır:
“Ölkə daxilində demokratiya, insan haqları, siyasi məhbus və digər problemlərin həlli ilə bağlı ciddi dialoq aparıb razılaşmalar əldə etmək mümkündür. Ölkədə və dünyadakı şəraiti nəzərə alaraq İsa Qəmbərin fikirləri çox əhəmiyyətli ola bilər. Mən də həmin fikrin tərəfdarlarındanam və müdafiə edirəm. Birmənalı şəkildə faydalı nəticələrin olacağını hesab edirəm”.