Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna rəğmən bir neçə partiya seçkilərlə bağlı prosesə hazırlıq aparırlar. Növbədənkənar seçkilərin elan olunacağı ilə bağlı iddialar səsləndirilir. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub.
Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Musavat Partiyası həmişə seçkilərdə iştirak etməyə üstünlük verib:
“Çünki Musavat Partiyasının nizamnaməsində və proqramında yalnız seçkilər vasitəsilə hakimiyyətə gəlmək məsələsi durur. Bizim başqa yolla hakimiyyətə gəlmək ilə bağlı istəyimiz yoxdur. Ona görə də seçkilərdə iştirak etmək niyyətindəyik. Amma seçkilərə qatılmaqda çətinlik çəkirik. Çünki Azərbaycanda seçki mühiti, seçkilər zamanı vacib olan şərtlərə əməl etmək, seçki komissiyalarında müxalifətin nümayəndələrinin iştirakına şərait yaratmaq yoxdur. Gürcüstanda, Ermənistanda və qardaş Türkiyədə olan proporsional seçki sistemi Azərbaycanda mövcud deyil. Bütün bunlara baxmayaraq Müsavat Partiyası həmişə seçkilərdə iştirak etmək arzusundadır. Biz hər dəfə inanırıq ki, hakimiyyət siyasi iradəsini ortaya qoyaraq seçki komissiyalarından ədalətli seçki keçirməyi tələb edəcək. Eyni zamanda, seçkini saxtalaşdıran hər kəs qanuna uyğun cəzalandırılacaq. Əgər bunlar olarsa, şəffaf şəkildə seçkilər keçirmək mümkündür. Biz yenə də seçkilərdə iştirak etməyi düşünürük. Müsavat Partiyası olaraq xüsusi bəyanatla hakimiyyətdən seçkilə bağlı elementar şərtləri yerinə yetirməyi istəyəcəyik. Azad rəqabət şəraitində seçkilərə getməyə hazırıq”.