Elxan Şahinoğlu: “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm”
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb. Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib və Baş nazir Nikol Paşinyanı repressiyalar törətməkdə ittiham edib. O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir. Zatulinin açıqlaması ilə bir daha təsdiqləyir ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir. Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı alban kilsələri guya əslində, erməni kilsələridir.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannamasinə tam zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, separatizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib. Deputatın sözlərinə görə, baxmayaraq ki, həmin sazişə əsasən tərəflər separatizmə qarşı birgə mübarizəyə dair öz üzərlərinə öhdəlik götürüblər, görünür, qana susamış bu adam üçün tökülən qanlar yetərli deyil və Moskva Bəyannaməsinin dəyəri onun üçün sazişin imzalandığı kağızın dəyəri qədər də deyil:
"O, bir qrup revanşist separatçını başına yığaraq Azərbaycan əleyhinə kampaniya təşkil edib və yığıncaqda bəyan edib ki, Qarabağda erməni xalqının öz müqəddəratını təyin etmək hüququ zorakılığa məruz qalıb. Ona görə təklif edirəm, Xarici İşlər Nazirliyi Rusiyaya NOTA versin, bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulmasını tələb etsin”.
Politoloq Elxan Şahinoğlu da bildirib ki, “Lazarev klubu” erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır. Onun sözlərinə görə, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil:
"Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu Azərbaycanda etiraz doğurmasın".