Azərbaycana qarşı mina terroruna görə Ermənistanı sərt şəkildə qınamalıdır
Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü baş tutub. Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə, 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur. Konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Tədbirin birinci günü Zəngilanda baş tutmuşdu. Konfrans mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlamışdı. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbirdə çıxış edərək bildirmişdi ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdıqları ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır. Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırmışdı. Qeyd etmişdi ki, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.
Beynəlxalq konfransın açılış günündə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb. Sənədi Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo imzalayıblar. Niyyət bəyannaməsi Azərbaycan Respublikası ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək. Habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsi ilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.
Mayın 31-də Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, minanın ətraf mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırlar. Onun sözlərinə görə, mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir: "İşğaldan azad edilmiş ərazilərdə böyük bir yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan qurulub. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri təxminən 7 milyard ABŞ dolları bərpa və yenidənqurma işlərinə yatırılıb”. Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Ermənistanın mina xəritələrini verməkdən imtinası vəziyyəti çətinləşdirir: “Azərbaycan görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistan da bu öhdəlikləri anlayır. Keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması gecikir, çünki Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. 361 Azərbaycan vətəndaşı 2020-ci ildən bəri mina qurbanı olub. Mina problemi o qədər böyükdür ki, bu prosesi yekunlaşdırmaq illər alacaq. Amma bu gün yüksək avadanlıqlarla təchiz olunmuş ANAMA kimi bir qurumumuzun olduğunu qürurla deyə bilərik. Ümid edirik, bu konfrans imkan verəcək ki, yükün bölüşdürülməsində beynəlxalq ictimaiyyət iştirak edəcək". E.Əmirbəyov əlavə edib ki, belə vacib məsələdə beynəlxalq ictimaiyyətlə birlikdə fəaliyyət göstərilməlidir. O, BMT-yə mina fəaliyyətində iştirakına və uzunmüddətli əməkdaşlığa görə təşəkkür edib: "Dünən niyyət sazişi imzalandı. Bu, bilik mübadiləsi üçün çox böyük haba çevriləcək. Mən bütün beynəlxalq tərəfdaşlarımıza minatəmizləmədəki rollarına görə təşəkkür edirəm".
Daha sonra III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbərliyi və minalarla mübarizə vasitəsilə inklüziv transformasiya” mövzusunda panel iclası keçirilib. Panel iştirakçıları arasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets, Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar Minalardan Təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli), "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut yer alır. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo deyib ki, azad edilmiş ərazilərin minalardan təmizlənilməsinə və bu problemin daha çox insanın diqqətini cəlb etməsinə daha çox səy göstərmək lazımdır: "İnsan həyatına ən böyük təhdidlərdən biri də minadır. Çünki torpaqda olan mina itmir, onlar həmişə insan itkisinə, yaralanmaya gətirib çıxarır. Mina təhlükəsi ilə mübarizə bu gün təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də çox vacibdir. Biz Azərbaycan hökumətini bu istiqamətdə dəstəkləyəcəyik. Azərbaycan və Ukrayna hökumətləri ilə, ekspertlərlə işləyir, təcrübələrimizi və resurslarımızı bölüşürük”. Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets bildirib ki, müharibənin ilk ayından ölkəsinə dəymiş ziyanı hesablamaq və bütün cinayətləri müəyyənləşdirmək çətindir: "Ancaq dəymiş ziyan milyardlarla ölçülür. Minatəmizləmə bütün prosesin əsas hissəsidir. Ukraynadakı müharibə nəticəsində 30 min kvadratkilometr meşə məhv edilib. Biz hazırda biomüxtəlifliyimizi itirmək üzrəyik. Azərbaycan müttəfiqlərimizdən biridir, ölkəmiz fəsadlardan əziyyət çəkib". Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah vurğulayıb ki, Səudiyyə Ərəbistanı minatəmizləmə əməliyyatlarında yaxından iştirak edir: "Son dörd-beş il ərzində Yəməndə təxminən 443 min 300 minanı müəyyənləşdirib təmizləmişik. Biz yalnız mina təmizləmirik, həmin ölkənin minatəmizləmə ilə bağlı təcrübəsini də genişləndirməyə çalışırıq. Azərbaycandakı minalar da bu gün insanların normal həyat sürməsinin qarşısını alır. Minaları təmizləmək insanları qorumaqla yanaşı, ətraf mühitə və rifaha töhfə verir". İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar minaların təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli) mina qurbanlarına yardım təşəbbüsü ilə çıxış etdiklərini söyləyib: "Onlara dəstəyimizi genişləndirməyə çalışırıq. Biz mümkün qədər çox konvensiyaya imza atmalıyıq. Biz COP29 çərçivəsində əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Ona görə də Bakıya böyük nümayəndə heyəti ilə gəlmişik".
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, minaların ətraf mühitə öldürücü təsirinin azaldılması, mina terrorunun qarşısının alınması bu gün istər dünya birliyi üçün, istərsə də mina terrorundan, mina çirklənməsindən əziyyət çəkən ayrı-ayrı ölkələr üçün həqiqətən də həyati əhəmiyyət daşıyır. Ekspertin sözlərinə görə, Azərbaycan bu ölkələrin siyahısında ən başda gələnlərdən biridir və bəlkə də birincisidir:
"Çünki həm 30 illik işğal dönəmində, həm də 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan tərəfindən ərazilərimizdə yüzminlərlə mina basdırılıb. Son göstəricilərə görə, ermənilərin torpaqlarımızda basdırdıqları minaların sayı 1 milyondan çoxdur. Söhbət həm piyada əleyhinə, həm də tank əleyhinə minalardan gedir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Bu acı reallıq torpaqlarımızın minalarla çirklənməsinin nə qədər ağır və təhlükəli problem olduğunu göstərir. Bu problem öz növbəsində həm işğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa edilmə prosesinin uzanmasına səbəb olur. Həm də kənd təsərrüfatı təyinatlı torpaqların geniş şəkildə dövriyyəyə qaytarılmasında çətinlik yaradır. “Böyük Qayıdış” Proqramının sürətlə icra olunmasına ciddi surətdə maneçilik törədir. Minalanmış ərazilər öz doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün birinci dərəcəli təhlükə mənbəyi olaraq qalır. Son 3 il yarımda 361 vətəndaşımız mina partlayışı nəticəsində xəsarət alıb, onlardan 61 nəfəri həlak olub. Bütövlükdə isə Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400 nəfərdən çox vətəndaşımız minalardan əziyyət çəkib. Bütün bunlar minalarla çirklənmənin ölkəmiz və insanlarımız üçün nə qədər ağır problem olduğunu göstərir".
Ə.Hüseynov qeyd edib ki, minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktik dəstəyi mühüm əhəmiyyət kəsb edir: "Ona görə də Azərbaycan öz mina probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib və son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirib. Prezident İlham Əliyev bildirib ki, bu tədbirlər minalanmaya qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib problemə diqqətin artırılmasına xidmət edir. Elə bugünkü tədbir də Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini bütün dünyaya nümayiş etdirir. Öz növbəsində dünya birliyi də Azərbaycana qarşı mina terroruna görə Ermənistanı sərt şəkildə qınamalıdır".