SOCAR-ın İstanbul ofisinə hücum
Mayın 31-i bir qrup şəxs şirkətin İstanbuldakı ofisinə hücum edib. Həmin şəxslər SOCAR-ın İsrail ilə neft üzrə ticarət əlaqəsi olmasına dair iddia və ittihamlar səsləndirib. SOCAR şirkətinin İstanbulda yerləşən ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Saxlanılanlar “Fələstin üçün min gənc” hərəkatının üzvləridirlər. “SOCAR Türkiyə” də məsələ ilə bağlı açıqlama yayıb. Vurğulanıb ki, son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir ki, bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir: "Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır. Biz bütün fəaliyyətimizi Baş Ofisimiz-Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə, hazırda SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər. Bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir. Bununla birlikdə, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyil".
Politoloq Asif Nərimanlı bildirib ki, SOCAR-ın İstanbul ofisinə hücum edən “Fələstin üçün min gənc” hərəkatının tərkibini araşdıranda diqqətçəkən məqamlar ortaya çıxır. Ekspertin sözlərinə görə, hərəkatın yaradılma təşəbbüsü terror təşkilatı kimi qəbul edilən “Marksist-Leninist Kommunist partiyası”nın (MLKP) “Sosialist Gənclik Dərnəkləri Federasiyası” gənclər birliyi tərəfindən irəli sürülüb:
"Hərəkatın aksiyalarına da əsas dəstəyi solçu-kommunist qrupları verir. Türkiyə mediasının məlumatına görə, “Fələstin üçün min gənc” hərəkatının üzvləri arasında “Marksist-Leninist Kommunist partiyası”, “Gənclik Kollektivləri”, “Xalq Evləri” və PKK-nın qolu olan “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi”nə (DHKP-C) bağlı dərnəklərin təmsilçiləri yer alır. Hərəkatın təsisçilərindən olan Ahmet Furkan Polatkan solçu “Gənclik Komitələri”nin üzvüdür. Özü bildirir ki, “hərəkatın tərkibinə müsəlmanlarla yanaşı, kürdlər (PKK ideologiyasına yaxın olanlar), solçular, feministlər daxildir”. Hərəkatın tərkibində Türkiyədəki İranmeyilli dəstələrin yer aldığı haqda da məlumatlar bar. Məsələn, hərəkata informasiya dəstəyi verən “Acar Medya” və onun rəhbəri Məhəmməd Acar İranın dini dairələrinə yaxınlığı ilə seçilir. M.Acar mütəmadi olaraq, Azərbaycanda “dinin qadağan edildiyi” iddialarını irəli sürür, yaxud “İsrailə dost, İrana düşmən Azərbaycan” təbliğatını aparır. M.Acar Türkiyədə İrana bağlı “Kevser Kültür Mərkəzi” və “Əhli Beyt Alimlər Birliyi”nin televiziya kanalı olan “On4tv”-nin də aparıcısı olub. Kanal terror təbliğatı apardığı üçün bağlanıb".
Analitik vurğulayıb ki, solçu-marksistlərlə İranmeyillilərin təmsil olunduğu hərəkatın Türkiyədə xüsusilə dindar və millətçi kəsim üçün vacib olan Fələstin məsələsi ətrafında birləşməsi şübhələr yaradır:
"Bunun iki mümkün səbəbi görünür. Birincisi, Türkiyədə hakimiyyətə qarşı bütün etiraz elektoratını bir çətir altında birləşdirməyə çalışırlar. Hərəkatda bir-birinə zidd ideologiya mənsublarının təmsil olunması da bundan qaynaqlanır. İkincisi, motiv kimi Fələstin məsələsini seçməklə dindar və millətçi kəsimi Ərdoğan-Baxçalı ittifaqından uzaqlaşdırmağa, hakim partiyanın elektoratını bölməyə çalışırlar. SOCAR-ın hədəf seçilməsi də Türkiyə ictimai rəyində - dindar və millətçi kəsimdə Azərbaycanla bağlı mənfi obrazın yaradılması və bu kəsimləri rəsmi Ankaranın Bakı ilə münasibətlərinə etiraz etməyə sövq etmək ola bilər. Bakı-Ankara xəttində problemlər xüsusilə Cənubi Qafqazda maraqlı güclərin gündəliyinə uyğundur. Bu baxımdan, hücumun təşkilatçısı olan “Fələstin üçün min gənc” hərəkatında təkcə ziddiyyətli ideologiyalar yox, həm də müxtəlif güclərin maraqlarının olduğunu demək mümkündür".