Baydendən məktub: Sülh sazişi Cənubi Qafqazı dəyişəcək - ŞƏRH

ABŞ artıq bölgədə sülh istəyir

Baydenin məktubundakı istiqamətlər ABŞ-nin Azərbaycanla əlaqələrin pozitiv ruhda qalması üçün missiyasının bir hissəsini əks etdirir

ABŞ Azərbaycanla əlaqələri daha diqqətlə "oxusa" və yeni təhlillər hazırlasa, Vaşinqtonun Bakıya olan dəstəyi indikindən də müsbət mənada əhəmiyyətli dərəcədə fərqlənə bilər

  Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı dəyişəcək. Eyni zamanda Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı məktubda bildirilib. Məktubu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuyub. C.Baydenin müraciətində qeyd olunub ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir: “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”. Bayden həmçinin, əlavə edib ki, COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır: "Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər. Azərbaycan xüsusilə də Avropa üçün qlobal enerji təhlükəsizliyinin vacib elementidir. Xəzər dənizindən hasil olunan qaz Avropanın bir sıra ölkələrinin inkişafında, habelə bu ölkələrdə enerji resurslarının diversifikasiyasında önəmli rola malikdir. Azərbaycan özünün enerji tarixində növbəti səhifə açır”. Məlum olduğu kimi, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BBƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Xatırladaq ki, Bayden Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə də təbrik məktubu göndərmişdi. ABŞ rəhbəri Azərbaycanla ikitərəfli münasibətlərə dəyər verdiyini, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurduqlarını söyləmişdi". Cozef Baydenin etirafları Azərbaycan Prezidentinin məqsədyönlü və prinsipial siyasətinin nəticəsidir. Məhz dövlət başçımızın uğurlu xarici siyasət xətti sayəsində ölkəmizin bütün dünyada nüfuzu daha da yüksəlir. Bu həqiqət müxtəlif ölkə liderlərinin, o cümlədən ABŞ rəhbərinin cənab Prezidentə ünvanladığı məktublarda özünü aydın şəkildə büruzə verir. Ölkələr arasındakı ikitərəfli əlaqələrin enişli-yoxuşlu olması əslində adi haldır. Bu baxımdan Azərbaycanla ABŞ arasındakı münasibətlər də istisna deyil. Son bir neçə il ərzində rəsmi Vaşinqton Cənubi Qafqazda baş verən hadisə və proseslərə birtərəfli baxış nümayiş etdirsə də, Bakının ədalətə söykənən və ardıcıl addımları bu ölkə rəhbərliyini öz fikrindən daşınmağa, bölgəmizə münasibətdə daha konstruktiv mövqe tutmağa sövq etdi. ABŞ rəhbərliyi anladı ki, Azərbaycanın haqlı tələb və gözləntilərini inkar etmək, ilk növbədə elə Vaşinqtonun öz maraqlarına ziddir.
  
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından diqqətəlayiqdir. Ekspertin sözlərinə görə, Bayden məktubda Bakıda keçiriləcək COP29-a dəstəyini ifadə edib:

"Bayden Azərbaycanın qlobal enerji landşaftındakı rolunu, o cümlədən Avropanın enerji təhlükəsizliyində vacib sütun olduğunu diqqətə çatdırıb. Hərçənd, Azərbaycanla ABŞ arasındakı münasibətlərdə nahamarlıqlar da mövcuddur. Lakin ümumilikdə iki dövlətin əlaqələrində yeni səhifə açılması tendensiyaları artıq açıq müşahidə edilə biləcək səviyyədədir. Çünki ABŞ Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Cənubi Qafqazda geosiyasi reallıq yarada bilmək təcrübəsini strateji olaraq qiymətləndirir. Digər yandan, ABŞ Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin strateji perspektiv baxımından Vaşinqtonun maraqlarına cavab verdiyindən məmnundur. Buna görə də ABŞ Azərbaycanla enerji və təhlükəsizlik sahəsindəki prioritetləri iki dövlətin potensiallarını gücləndirəcək sahə kimi qiymətləndirir. Buna görə də ABŞ Azərbaycanla tərəfdaşlığın davam etdirilməsi və strateji səviyyəyə yüksəlməsi üçün əlavə regional alətlər axtarır. Azərbaycanın İran, Rusiya ilə həmsərhəd olması, Türkiyə ilə strateji müttəfiqliyi, Çinlə əməkdaşlığı inkişaf etdirməsini Vaşinqtonun manevr sahəsində imkanlar kimi qiymətləndirir".

  Analitik vurğulayıb ki, Baydenin məktubu hər şeydən öncə bu qeyd olunan məqamları göstərə bilər. Bu həm də gələcəyə baxış üçün COP29 amilinin fürsət kimi qiymətləndirilməsi mənasına gəlir: 
"Azərbaycanın Avropa bazarları üçün ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji ixracatçısına çevrilmə ərəfəsində olması ABŞ xarici siyasətindəki Cənubi Qafqaz çərçivələrinin yenidən hazırlanmasına gətirib çıxarır. Azərbaycanın bərpaolunan enerji potensialını artırmaq səyləri ABŞ-nin regiondakı strateji maraqları ilə uyğunluq təşkil etdiyindən, o, münasibətlərin yeni səhifələrini vərəqləyir. Bu həm Azərbaycanın, həm də ABŞ-nin regional maraqlarını gücləndirəcək gələcək əməliyyatların hazırlanması üçün yaxşı platforma təklif edir. COP29 tədbiri Cənubi Qafqazda Azərbaycanın öndərliyi altında olan yeni reallıqlar kontekstində ABŞ ilə əməkdaşlığına əlavə töhfə verir. Ehtimal ki, ABŞ də bunu yüksək dəyərləndirir və Azərbaycanla həll olunmamış məsələlərin həllinə çalışır. Həll edilməmiş məsələlərə gəlincə, bu, Azərbaycan-Ermənistan sülh gündəliyinə münasibətdə nəzərəçarpan fikir ayrılıqları, Azərbaycana qarşı ABŞ-nin də dəstək verdiyi beynəlxalq kampaniya nəzərdə tutula bilər. Ancaq Azərbaycanın həm imkanlarını gücləndirərək regional və beynəlxalq təhlükəsizlik səylərinə töhfələrini artırması, həm də COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyi ABŞ-ni "təmas xətti"ni dəyişməyə vadar edir. Yəni ABŞ Azərbaycanla əlaqələri daha diqqətlə "oxusa" və yeni təhlillər hazırlasa, Vaşinqtonun Bakıya olan dəstəyi indikindən də müsbət mənada əhəmiyyətli dərəcədə fərqlənə bilər. Baydenin məktubundakı istiqamətlər ABŞ-nin Azərbaycanla əlaqələrin pozitiv ruhda qalması üçün missiyasının bir hissəsini əks etdirir. Bu missiya məqsədinə nail olmaqdan ötrü COP29-u dəstəkləmək ehtiyaclarını hiss edir. ABŞ strateji maraqlarının təsirlərinin genişlənməsi üçün Azərbaycanın Cənub Qaz Dəhlizindəki roluna və Avropaya alternativ enerji ixrac etmək potensialına dəstək verməyi qiymətli hesab edir".