Vardan Oskanyanın mənasız cəhdi -ŞƏRH

Regionun gələcəyini Azərbaycan və Türkiyə gerçəkliyi həll edir
 
Ermənistandakı ölü fiqurların aktivləşmək cəhdləri onların hələ də xəyal dünyasında yaşadıqlarını göstərir
 
 
 Erməni diasporu və müxalifəti Azərbaycana qarşı daha bir həmləyə hazırlaşır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi "Qarabağ xalqının haqlarının müdafiəsi" komissiyası yenidən Avropaya yola düşüb. Oskanyanın Avropada ermənilərin Qarabağa qaytarılması üçün beynəlxalq zəmanətlər almağa çalışacağı vurğulanıb. Oskanyanla separatçı tör-töküntülər də gedib. Onu müşayiət edənlər arasında "Daşnaksütyun" Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, eyni partiyadan Mario Nalbandyan, keçmiş qondarma rejimin təmsilçisi Geqam Stepanyan, Serj Sarkisyanın partiyasından Karen Bekaryan da olub. Qeyd edək ki, Oskanyan Paşinyan administrasiyasının əsas əleyhdarlarından biri sayılır. Onun Ermənistanla yanaşı diaspor daxilində kifayət qədər nüfuzu var. Keçmiş XİN rəhbəri bir çox hallarda diasporun adından danışmağa üstünlük verir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı müxalifətin Qarabağ məsələsini gündəmə gətirməsinə “4 min itki verməyə hazırsınızmı?” sualı ilə cavab verib.

 Politoloq Azər Qasımov "Sherg.az”a bildirib ki, Qarabağ haqqında hansısa gələcək planlar cızmaq istəyən tör-töküntülərin Qərbdə öz dərdlərinə çarə axtarması beyin ölümü gerçəkləşən canlının həyata qayıtmaq üçün mənasız cəhdindən başqa bir şey deyil. Ekspertin sözlərinə görə, "Qarabağ problemi" adlı məsələ artıq yoxdur:
 "Onu Azərbaycan artıq öz xeyrinə həll edib. Məsələ ondadır ki, bu faktın reallığı sadəcə söz xatirinə deyilən fikir deyil. Kimsə bu məsələdə Azərbaycana təsir edə bilməz. Azərbaycan əsgərinin əlindən silahını ala bilməz. Regiondan kənar güclər mövcud reallığı dəyişmək gücündə deyil. Heç bir dövlət Ermənistanın əvəzinə Azərbaycan əsgərinin qarşısına çıxmayacaq. Ermənistandakı ölü fiqurların aktivləşmək cəhdləri onların hələ də xəyal dünyasında yaşadıqlarını göstərir. Regionun gələcəyini Azərbaycan və Türkiyə gerçəkliyi həll edir. Rusiya və İranın gələcəyi belə Türkiyə və Azərbaycanın bu regiondakı fəaliyyətindən asılıdır. Azərbaycan da region ölkələri ilə öz gələcəyini bir yerdə əməkdaşlıqda görür".