Analitik: İrəvanın “tələbi” sadəcə əks-həmlədir

Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur
 
 
 "Bakının Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə çıxış etdiyi bəllidir. Ermənilərin ana qanunu müstəqillik bəyannaməsinin icrasını vəzifə olaraq müəyyənləşdirir". 
Bu barədə “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı deyib.
 Ekspert bildirib ki, Bəyannamədə də qeyd olunur ki, “qondarma “Dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüz görünür: 
"Konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Mirzoyanın “bu, danışıqlar gündəliyinə daxil deyil” sözləri isə erməni ictimai rəyində “hakimiyyət Əliyevin tələbi ilə konstitusiya dəyişir” ittihamlarından yayınmaq məqsədi daşıyır. Əsas məqam Ermənistanın da “Azərbaycanın kontitusiyanın dəyişdirilməsi” istəyindən çıxış etməsidir. Rəsmi İrəvan “nəyin dəyişməsini” istədiyini açıqlamır, lakin erməniləri “narahat edən” 1991-ci ildə qəbul edilən Konstitusiya Aktıdır. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur".

 Analitik vurğulayıb ki, İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini istəyə bilər:
 "Halbuki bu varislik qeydi Azərbaycan konstitusiyasının dəyişdirilməsini şərtləndirmir. Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsini vəzifə kimi qoyan erməni konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında belə bir məqam yer almır. İrəvanın belə bir “tələblə” çıxış etməsi Bakının konstitusiya tələbi qarşısında əks-həmlə xarakteri daşıyır".