10 gün daha tez...
“Daha effektiv bir layihə olacaqsa və Azərbaycan üçün də bunun faydası varsa, qərar vermək dövlətin seçimidir”
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Şimal-Cənub dəhlizindən danışıb. Putin deyib ki, bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Onun sözlərinə görə, yüklər Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək: "Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir. 10 gün daha tez başa gələcək, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir". Putin qeyd edib ki, bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var: "Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? Bu, kredit şəklində olacaq, yoxsa Rusiya tərəfindən birbaşa maliyyələşdiriləcək? Bu dəhliz Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə birləşəcək? Sonra iranlı tərəfdaşlarımızla, dostlarımızla İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrini necə inşa edəcəyimizi, bu şaxələrin dar və ya geniş olacağını müzakirə edərək yekunlaşdırmalıyıq. Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır. Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var".
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a bildirib ki, bu cür iqtisadi məsələlər, əlaqələr təbii ki, qarşılıqlı razılaşma əsasında baş tutur. Ekspertin sözlərinə görə, şübhəsiz, Azərbaycan da hər zaman qonşu və dost ölkələr ilə əlaqələrin inkişafında maraqlıdır:
"Belə dəhlizlərin açılması zamanı ən əsası dövlətimizin maraqları nəzərə alınır. Əgər faydalı və təhlükəsizdirsə, şübhə yoxdur ki, buna qərar verilir. Dünya inkişaf edir. Süveyş kanalından daha effektiv bir layihə olacaqsa və Azərbaycan üçün də bunun faydası varsa, qərar vermək dövlətin seçimidir. Ukrayna ilə müharibənin buna təsirinin olacağına inanmıram. Ancaq Rusiya əleyhinə olan Qərb dövlətlərinin belə layihələrə qarşı çıxması mümkündür. Yaxud pozuculuq işləri aparıla bilər. Ən əsası isə iqtisadi tərəflərindən başqa bu dəhliz maddi maraqlar vasitəsilə dövlətlər arasında siyasi münasibətlərin də yaxınlaşmasına xidmət edə bilər. Qarabağın azad edilməsi ilə Azərbaycana maraq daha da artdı. Güclü dövlət olaraq hər kəs bizimlə iş birliyi qurmaqda maraqlıdır. Rusiyanın özünün də bu məsələyə yanaşması başadüşüləndir. Reallıqla barışmaq və hesablaşmaq özü də maraqların təminində rol oynayır. Ümumiyyətlə, Azərbaycanın qoşulduğu bütün iqtisadi layihələr dövlət maraqlarımıza xidmət edir və qarşılıqlı münasibətlərin, əlaqələrin daha da inkişafına aparır".