Göyçə mahalı bizimdir, bizim olacaq

Karen Sarkisyanın açıqlaması blefdir

Qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək


Ermənistan Azərbaycan qoşunlarının Geqarkunikdən (Göyçə mahalı-red) çıxarılması üçün başqa vasitələrə əl atacaq. Bu barədə Geqarkunikin qubernatoru Karen Sarkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Sarkisyan bildirib ki, Azərbaycan qoşunlarını Geqarkunik bölgəsinin ərazilərindən geri çəkməlidir. Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sarkisyan belə cavab verib: “Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”. Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib. Qubernator K.Sarkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.
  
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Göyçənin qubernatoru Karen Sarkisyanın Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən “Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq” açıqlaması blefdir. Ekspertin sözlərinə görə, görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb:

 "Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri geri qaytarmaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır, bu, ona və ölkəsinə baha başa gələr. O bunun fərqindədir və elə ona görə bu mövzuda açıqlama vermir. Eyni zamanda erməni qubernatorun açıqlaması ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu, gözlənilən idi".