Azərbaycan türk birliyi prosesində daha ön sıradadır - ŞƏRH

Cənab Prezidentin bəyanatları, mesajları və atdığı konkret addımlar da bunu göstərir

“Yeni dünya nizamı formalaşır. Azərbaycan bu mərhələdə Türk Dövlətləri Təşkilatının yeni bir gücə çevrilməsində maraqlıdır”

  Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşündə Türk Dövlətləri Təşkilatının fəaliyyətindən danışıb. Dövlət başçısı qeyd edib ki, bu qurumu gücləndirmək üçün mövcud büdcə yetərli deyil. Ona görə də Azərbaycan birtərəfli qaydada 2 milyon Amerika dolları əlavə töhfə, yəni ianə verib: “Zirvə görüşünə, yəni gələn aya qədər bu vəsait Türk Dövlətləri Təşkilatının hesabına oturacaq. Bu, nəyi göstərir? Çünki biz bu təşkilatı gücləndirməliyik. Zirvə görüşləri təbii ki, ən yüksək səviyyəli tədbirdir, TÜRKPA önəmli tədbirdir. Bizim TÜRKSOY-umuz var. Bizim Türk Mədəniyyəti və İrsi Fondumuz var, digər təsisatlar var, akademiyamız var, ona görə təşkilat daha da böyüməlidir. Həm orada hər ölkədən daha çox insan çalışmalıdır, həm də bu təşkilatın beynəlxalq əlaqələri gücləndirilməlidir. Biz bütün beynəlxalq tədbirlərdə iştirak etməliyik. Yəni bizim yolumuz budur. Əminəm ki, gün gələcək Şimali Kipr Türk Cümhuriyyəti də təşkilatın tamhüquqlu üzvünə çevriləcək. Yenə də deyirəm, Azərbaycan bu gün buna ikiəlli səs verir və bu, birliyimizin nə qədər səmimi olmasını bir daha göstərəcək". Prezident vurğulayıb ki, Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər: "Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir". Ölkə rəhbəri xatırladıb ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: "Hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq". Dövlət başçısı əlavə edib ki, Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir: "Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Bu birlik təbiidir, bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir və biz təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik".
  Prezidentin Türk dünyası və Türk Dövlətləri Təşkilatı ilə bağlı bəyan etdiyi məqamları "Sherg.az"a dəyərləndirən türkoloq-alim Faiq Ələkbərli deyib ki, Prezident İlham Əliyevin türk ölkələrinin parlament sədrləri ilə görüşü, TDT-nin fəaliyyətinin güclənməsi ilə bağlı maliyyə yardımının ayrılması çox təqdirəlayiq haldır. Alim vurğulayıb ki, bu onu göstərir ki, Azərbaycan yeni dünya nizamının formalaşma mərhələsində Türk Dövlətləri Təşkilatının yeni bir gücə çevrilməsində maraqlıdır: 

"Artıq çoxqütblü dünyaya doğru gedirik, bir yox, bir neçə güc mərkəzləri formalaşır. Bunlardan biri də, şübhəsiz, Türk Dövlətləri Təşkilatıdır. Dünyada formalaşan yeni güc mərkəzlərindən biri olmaq istəyiriksə, bunun üçün zəruri addımlar atılmalıdır. Dövlət başçısının Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi qurumlara ciddi önəm verməsi bunun bariz nümunəsidir. Azərbaycan bütün hallarda türk təşkilatlarının güclü olmasını istəyir. Çünki cənab Prezidentin dediyi kimi, artıq dünyada öz güclü birliyimizi yaratmalıyıq. Əsas diqqəti böyük türk ailəsinə yönəltməliyik. Azərbaycan öz dövlət başçısının timsalında bunu real olaraq ortaya qoyur. Türk dünyasına aid nə varsa, Azərbaycan oradadır. Sadəcə sözdə deyil, real əməllərlə dəstəyimizi veririk. Azərbaycan bu məsələdə öncüllük təşkil edir. Hətta müəyyən dövrlərdə Türkiyə ön plana çıxmışdısa, son illərdə Azərbaycan-türk birliyi prosesində daha ön sıradadır. Cənab Prezidentin bəyanatları, mesajları və atdığı konkret addımlar da bunu göstərir".