Radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək
Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşü zamanı fəaliyyətini uğursuzluqla başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədrlik institutundan da bəhs edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinə Minsk qrupunun ləğvini birlikdə tələb etmək üçün təklif göndərilib. Ölkə rəhbəri qeyd edib ki, Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir: "Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”. Prezident vurğulayıb ki, Ermənistanla açıq qalan məsələlərdən biri ATƏT-in Minsk qrupunun de-yure mövcudluğunun davam etdirilməsidir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Baş nazir Nikol Paşinyanın Minsk qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. Ekspert vurğulaylb ki, dövlət başçısı İlham Əliyev Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib:
"Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk qrupundan imtinası ona problem yaratmayacaq. Radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk qrupunun ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır”.