Prezident İlham Əliyev iyunun 7-8 tarixlərində Misirdə səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Daha sonra iki ölkə arasında mühüm sənədlər imzalanıb. Liderlərin görüşlərində Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulandı. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu. Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı. Prezident İlham Əliyev vurğuıayıb ki, Misirlə siyasi dialoq müntəzəm xarakter daşıyır. Ölkə rəhbərinin sözlərinə görə, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkan verəcək: “Keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz razılaşdıq ki, bundan sonra da bu siyasi dialoq davam etdirilsin”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı ildən-ilə möhkəmləndirilir. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb-yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamofobiyaya qəti şəkildə qarşı çıxır. Dövlətimiz daim beynəlxalq miqyasda belə mənfi tendensiyalarla fəal mübarizə aparıb. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözügedən sahədə önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Bir sıra ərəb dövlətləri, xüsusilə İraq və Misir illərdir mina problemindən əziyyət çəkir. Ölkəmiz mina probleminə beynəlxalq aləmdə daha çox diqqət çəkmək istiqamətində ərəb ölkələri ilə əməkdaşlıq edə bilər. Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir. Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında bu ölkənin Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Fəxri qonaq statusunda iştirakı da dövlətimizin başçısının bu sahədəki siyasətinə göstərilən böyük hörmətin əyani göstəricisi idi. Zirvə görüşünün açılış mərasimində çıxış edən dövlətimizin başçısı Azərbaycanın bu mötəbər təşkilatla əlaqələri inkişaf etdirmək istəyini xüsusi vurğulayaraq bildirib:
“Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Bu yay mənə Baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Qeyd edək ki, hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlib və ölkəmizdən çox böyük təəssüratlarla ayrılıb. Ulu Öndər Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Qeyd etmək yerinə düşər ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib. Dövlət başçısının olduqca məhsuldar keçən həmin səfəri zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlyubiyyə əyaləti arasında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq Protokolu, həmçinin İnformasiya Texnologiyaları Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə Protokol imzalanıb. Bundan başqa, 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb. Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, dövlət başçısının Misirə səfəri xüsusi önəm daşıyır. Deputatın sözlərinə görə, Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir:
"Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, dəstəkləyib. Azərbaycan Misir ilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyev 1994-cü ildə Misirə səfər etmişdi. Həmin səfər zamanı mühüm görüşlər olmuşdu. 2007-ci ildə cənab Prezident İlham Əliyev də Misirə səfər etmişdi. Həmin dövrdən əlaqələrimiz sürətlə inkişaf edib. Bugünkü səfər də mühüm önəm daşıyır. Bir müddət bundan öncə Misir prezidenti Azərbaycana gəlmişdi. İndiki səfər Azərbaycan-Misir əlaqələri arasında yeni dövrün başladığını göstərir. İki dövlət arasında əlaqələr inkişaf edir, mühüm sənədlər imzalanır. Azərbaycan-Misir arasında bu gün iqtisadi cəhətdən mühüm əlaqələr var. Misirin əczaçılıq imkanları, nəqliyyat imkanları da genişdir. Bu, bizə imkan verəcək ki, əlaqələrimiz inkişaf etsin, güclənsin və yeni mərhələyə qədəm qoyaq. Yeni uğurlara imkan yaranacaq. Bu əlaqələr İslam həmrəyliyinin gücləndirilməsinə də öz töhfəsini verəcək. Hər ikisi müsəlman ölkəsidir. Potensialı var. Bu səfər əməkdaşlığımızı yeni bir mərhələyə və yeni səviyyəyə qaldıracaq".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, son illər iki ölkə arasında həyata keçirilən rəsmi səfərlər dövlətlərin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhvə verməkdədir. Deputatın sözlərinə görə, hər iki dövlət fərqlı beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq platforması formalaşdırıblar:
"İki ölkə arasında iqtisadi sahədə də kifayət qədər ciddi potensial var. Son illər iki ölkə arasındakı ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahidə olunsa da bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16.2 milyon dollar olan xarici ticarət dövriyyəsi ötən il 13.6 milyon dollara bərabər olub. Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb. Belə ki, yalnız 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14.9 milyon dollar olub. Bu o deməkdir ki, ölkələr arasındakı bu ilki rüblük dövriyyə ötən ilki ümumi dövriyyədən daha çox olub. Bu isə münasibətlərin inkişaf dinamikasını göstərir. Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq".