Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində cari ilin 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib:
“Hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev söyləyib ki, Azərbaycanın İrandakı səfirliyini açması ikitərəfli münasibətlərin inkişafı baxımından çox önəmli hadisədir:
“Xüsusilə də Məsud Pezeşkianın prezident seçilməsindən sonra Rəsmi Bakının belə bir addım atması Azərbaycanın yeni komandayla işləmək istəyindən xəbər verir. Azərbaycan İranın yeni Pezidenti Məsud Pezeşkianla əməkdaşlığa hazırdır. Eyni zamanda, Azərbaycan inanır ki, Pezeşkianın dövründə iki ölkə əlaqələri fərqli olacaq. İranla Azərbaycan arasında mərhum Prezident İbrahim Rəisinin dövründə bir sıra layihələrin əsası qoyulub və həmin layihələrin davam etdiriləcəyini Pezeşkian özü bildirib. Rəsmi Bakı və Tehran arasındakı münasibətlərin inkişafı regional əməkdaşlıq müstəvisində çox əhəmiyyətlidir”.
Ekspert vurğulayıb ki, Azərbaycanın İrandakı səfirliyinin bərpası rəsmi Tehranda olan və haqsız yerə həbsdə yatan soydaşlarımızın hüquqlarının müdafiəsi baxımından da vacibdir:
“Buna görə də məhz rəsmi Bakı İrandakı səfirliyi təhlükəsiz ərazidə bərpa etməklə üzərinə düşən öhdəliyi həyata keçirdi. Bundan sonra növbə Tehrandadır. Tehran öz göstərdiyi fəaliyyətlə Bakının sözügedən mövqeyinə dəstək verməlidir. Yəni müsbət mənada istəyini nümayiş etdirməlidir. İrandan gözləntimiz həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və rəsmi Tehrandan Bakıya qarşı qərəzli açıqlamaların susdurulmasıdır. Eyni zamanda, İranın Azərbaycanla normal dostluq, qonşuluq münasibətlərini bərpa etməsi və ikitərəfli əlaqələrin inkişafı üçün üzərinə götürdükləri öhdəliklərə riayət etməsi də Azərbaycanın istəyidir. Diplomatik korpusun nümayəndələrinin yerləşdiyi binaların təhlükəsizliyinin rəsmi Tehran tərəfindən təmin olunması da gözləntilərimizə daxildir. İnanırıq ki, Pezeşkian höküməti dövründə sözügedən işlər baş tutacaq”.
Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.