Sübhanidən böhtan: Səfir bu açıqlaması ilə “qaşınmayan yerdən qan çıxarmağa”cəhd göstərib -RƏY

Möhtərəm prezidentimiz (Məsud Pezeşkian – red.) cənab Paşinyanla telefon danışığında çox aydın şəkildə bildirdi ki, biz açıq şəkildə beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik və bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik. Biz açıq şəkildə geosiyasi dəyişikliklərin əleyhinəyik. Hər kəs beynəlxalq qanunlara hörmət etməlidir.

Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində deyib.

O bildirib ki, ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir:

“Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır”.



M. Sübhaninin fikirlərini “Sherg.az”a təhlil edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Solton vurğulayıb ki, səfir bu açıqlaması ilə “qaşınmayan yerdən qan çıxarmağa”cəhd göstərib:

“Səfir Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına susan, bu dövrdə Qarabağ ərazisində binaların və yurd yerlərinin dağılmasında, talan edilməsində erməni işğalçıları və havadarları ilə əməkdaşlıq edib. Həmin dövrdə İranın qanunsuz olaraq 80-ə yaxın firma və şirkətinin Qarabağda fəaliyyət göstərməsi buna sübutdur. Rəsmi Bakı Qarabağdakı erməni sakinlərə Azərbaycan cəmiyyətinə inteqrasiya çağırışı etmişdi. Ancaq regionda pozuculuq və terror fəaliyyəti ilə məşğul olan, bu fəaliyyəti davam etdirmək istəyən həmin sakinlər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıb gedib. Səfir isə bildirib ki, Qarabağda məskunlaşdırılan ermənilər ”qeyri-ixtiyari olaraq evlərini tərk ediblər, onların könüllü olaraq ora qayıtmaları üçün şərait yaradılacağına” ümid edir. Həm Ermənistanda bu cür düşünənlərin, həm də Sübhaninin qərbi azərbaycanlılarla Qarabağa yerləşdirilən erməniləri eynihüquqlu tutması gülüncdür. Sübhani təmsil etdiyi hakimiyyətin 30 ildən artıqdır Azərbaycana münasibətdə buraxdığı səhvləri təkrarlayır. Bu davranışı və açıqlaması ilə o, Azərbaycana şər-böhtan atanların sırasında yer alıb. Səfirin belə qərəzli açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir”.