İrəvanın Qərb siytasəti: Erməni dövlətçiliyi ağ intihar səviyyəsindədir -ŞƏRH

Nikol Paşinyan Milli Assambleyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvlərini əmin edib ki, ölkədə parlament seçkiləri 2026-cı ildən tez keçirilməyəcək.

Bu barədə fraksiyadan adı açıqlanmayan mənbə “Hraparak”a bildirib.

Məlumata görə, baş nazir seçkilərin bu il heç bir halda tez baş tutmayacağını, bu səbəbdən erkən təşviqat kampaniyasına başlamağın mənasız olduğunu deyib.

Mənbə qeyd edib ki, Paşinyan payızda Ermənistanın xarici siyasəti ilə bağlı sürpriz proseslərin olacağının mesajını verib.

İddialara görə, Avropa Birliyinin Ermənistanı qəbul etməməsi, Qərbin İrəvanın istədiyi kimi maliyyə yardımı ayırmaması fonunda Paşinyan yenidən Rusiyaya yönəlməyi düşünür. Bunun üçün isə o, Moskvadan ilk olaraq təhlükəsizliyi üçün təminat almaq istəyir.

Politoloq Tofiq Abbasov "Sherg.az"a söyləyib ki, Nikol Paşinyan xarici görüşündən asılı olmayaraq yola gələbiləsi adamdır: 
“Paşinyan nə etmək istədiyini bilir və Ermənistan cəmiyyəti qarşısında lazimi manevrləri edir. Əhaliyə göstərir ki, Qərbə doğru gedirsizsə, gedək, Rusiyadan qırılmaq istəyirsizsə, qırılaq. Yəni Paşinyan sözdə əməli hərəkətləri icra edir və müxtəlif qütblərin reaksiyalarını öyrənərək cəmiyyətinə çatdırır.  Paşinyan başda olmaqla ermənilər başa düşür ki, onlara gəlişi gözəl sözlərlə müraciət edənlər heç nə etməyəcəklər. Qərbə və Amerikaya Ermənistanın aqibəti deyil, əraziləri lazımdır. Ona görə də Nikol Paşinyan Rusiya vektorunu dəyişməyəcək”. 

Ekspert qeyd edib ki, Ermənistan cəmiyyətində güclü qərbpərəst mövqe mövcuddur:
“Yəni ölkənin xarici siyasətini alt-üst edərək qərbyönümlü sistem yaratmağa çalışırlar. Qərb isə Ermənistana arzusunda olduğu heç nəyi verməyəcək. Qərb həmişə invaziya xətrinə başqa diyarlara gəlir. Yəni başqa ərazilərdə “öz mıxını qurub, papağını asır”. Ermənistanda yaşayan insanlar anlamalıdırlar ki, Azərbaycan və Türkiyə olmasa, Ermənistanın sonu çox acınacaqlı olacaq. Psixologiyada ağ intihar anlayışı mövcuddur. Mənası insanın həyata marağını itirməsi deməkdir. İnsan yaşayır, amma sakit formada da dünyasını dəyişir. Erməni dövlətçiliyi də ağ intihar səviyyəsindədir. Əgər Paşinyana mane olmasalar, o, ölkəsinin xeyrini başa düşər və düşür. Ona görə də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə sərhədlərin açılması Ermənistanın nicat yoludur”.