Fəzail İbrahimliyə sürpriz: YAP ona qarşı bu gənci çıxardı

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədlərinin siyahısını elan edib.

Axar.az xəbər verir ki, YAP 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Aqil Aslanovun, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Aytən Əliyevanın namizədliyini irəli sürüb.

1994-cü il təvəllüdlü Aytən Əliyeva biologiya müəllimidir, rayonda bir neçə məktəbdə çalışıb, 2019-cu ildən Masallı Şəhər Bələdiyyəsinə üzv seçilib. 2020-ci il Milli Məclis seçkilərində müstəqil namizəd kimi iştirak edib. 2020-ci ildən Masallı rayon Musaküçə kənd tam orta məktəbində dirktor müavini vəzifəsində çalışır. Masallı rayonu YAP Gənclər Birliyinin və Masallı rayon Təhsil Şöbəsi yanında Təhsilə İctimai dəstək Qrupunun üzvüdür.

Aqil Aslanov haqda isə açıq mənbələrdə məlumat yoxdur.

Qeyd edək ki, Sabir Rüstəmxanlının rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyasından 6-cı çağırış MM-in deputatları olan Fəzail İbrahimli 73 saylı dairədən, Rafael Hüseynov isə 63 saylı dairədən namizədliyini irəli sürüb. Sabir Rüstəmxanlı özü namizədliyini verməyib, əvəzində xanımı Tənzilə Rüstəmxanlı onun ötən seçkilərdə seçildiyi dairədən namizədliyini irəli sürüb.

R.Hüseynovun ciddi rəqabətlə üzləşəcəyi ehtimalı az olsa da, F.İbrahimli haqda bunu demək çətindir. A.Əliyeva gənc olsa da, rayonda tanınır, həmçinin şəhər bələdiyyəsinin 5 ildir üzvüdür.