"Artıq ədalət üzərində qurulduğunu göstərməyə çalışan Avropa Parlamentinin, korrupsiya əsasında müəyyən bir qrupa xidmət etdiyinin şahidiyik"
Avropa Parlamentinin Azərbaycana qarşı kəskinləşən qərəzli mövqeyinin pərdəarxasındakı detallar ortaya çıxıb.
"Minval Politika" BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun naməlum şəxslə olan videogörüntüləri və səsyazmalarını yayaraq onların iç üzünü ifşa edib. Yayılan danışıqlara əsasən, Rusiyada yaşayan ermənilərlə birlikdə Azərbaycana qarşı kampaniya üçün fond yaradıldığı məlum olub. Okampon açıq şəkildə Avropa Parlamentinin siyasi fəaliyyətini öz təsiri altına aldığını bildirib. O, komandasında yer alanlar arasında vaxtilə Avropa Parlamentinin üzvü olmuş Cozef Borrellin adını çəkib. Yayılan materiallar onların şəbəkə halında formalaşaraq, Qarabağda yaşamış ermənilərə “haqq-ədalət axtarışı” görüntüsü ilə Avropa Parlamentinin siyasi qərarlarına müdaxilə etdiklərini göstərir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sherg.az-a bildirib ki, bir şəxsin Avropa Parlamentini öz maraqlarına uyğun şəkildə idarə etməsi, beynəlxalq prinsip və bərabərlik anlayışlarının oyuncağa çevrildiyini göstərir: 
“Uzun illərdir ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqedə dayandığını görürdük. Lakin bunu sübut etmək üçün əlimizdə tutarlı faktlar yox idi. Tale elə gətirdi ki, xidmət etdikləri adamların dili ilə əməlləri ifşa olundu. Artıq ədalət üzərində qurulduğunu göstərməyə çalışan Avropa Parlamentinin, korrupsiya əsasında müəyyən bir qrupa xidmət etdiyinin şahidiyik. Yayılan videomateriallar, onların ədalət maskasını yırtıb ataraq, əsl məqsəd və niyyətlərini ifşa etdi. Prezident İlham Əliyev dəfələrlə ölkəmizin misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qaldığını çatdırmağa çalışırdı”.
Deputatın sözlərinə görə hibrid hücumların hər biri erməni diasporunun rəhbərliyi altında həyata keçirilir:
“L. M. Okampo və onun oğlu açıq şəkildə Avropa strukturlarına təsir etmək, siyasi qərarları yönləndirmək və Azərbaycana qarşı təzyiq mexanizmləri qurmaq üçün planlar üzərində işlədiklərini etiraf edərək, özlərinin qaranlıq əməllərini gün işığına çıxardılar. Erməni lobbisi nəinki Azərbaycan öz vətənlərinin dövlət maraqlarını da gözdən çıxarıblar. Videolarda Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması kimi məqsədlər də dilə gətirilir. Bu cür qruplar, şəxsi maraqları naminə təhlükəli vasitələrə əl atmaqdan da çəkinməzlər”.
Z.Oruc qeyd edib ki, Okampo öz vəzifəsindən sui-istifadə edərək prosesi bir növ “ailə biznesinə” çevirib:
“O, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsini icra edərkən, ədalətsiz fəaliyyətinə görə dəfələrlə tənqid atəşinə məruz qalıb. Hər kəs onun fəaliyyətini Afrika ölkələri və digər regionlara qarşı qərəzli mövqe sərgiləməsi ilə xatırlayırdı. Bu gün isə həmin modelin Cənubi Qafqazda tətbiq olunduğunu görürük. Okamponun 1985-ci ildə Argentina erməni diasporasının təsiri altında çalışması, onun gələcəkdə hansı proseslərə cəlb oluna biləcəyinə dair müəyyən təsəvvür yaradırdı. Erməni lobbiləri Azərbaycana qarşı milyonlarla qərəzli kampaniya qursalar belə, dövlətimizin əzmini və iradəsini sındıra bilməyəcəklər”.