Qoşunların sərhəddən geri çəkilməsi məsələsi aktuallaşacaq
Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən düşmür
ABŞ mümkün olan ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını istəyir. Rəsmi Vaşinqtonun geosiyasi maraqları, eyni zamanda Rusiya faktoru bunu tələb edir. Sülh əldə olunandan sonra ABŞ-nin Ermənistana yerləşməsi və oradan Rusiyanın qovulması prosesi daha asan olacaq. Hətta son iki ildir ki, aktiv şəkildə Ermənistanda keçirilən hərbi təlimlər, Amerika rəsmilərinin səfərləri buna xidmət edir. Hazırda Ermənistanda keçirilən “Eagle Partner-2024” təlimi də əslində Rusiyanın çıxarılmasının məşqidir. Azərbaycan hələ də işğal altında olan anklavların qaytarılmasını, Ermənistan konstitusiyasından ölkəmizə ərazi iddialarının çıxarılmasını tələb edir. Bütün hallarda Azərbaycanın milli təhlükəsizliklə bağlı narahatlıqları qəbul edilməlidir. Çünki bu tələblər yerinə yetirilmədən sülh müqaviləsinə imza atmaq göz görə-görə tələyə düşmək və öz gələcəyini təhlükəyə salmaqdır. Ona görə də ABŞ həqiqətən sülh istəyirsə, bunu mütləq nəzərə almalı, bölgədə Ermənistanla keçirdiyi təlimlərlə gərginliyi artırmaq yerinə, İrəvana təzyiq göstərməlidir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az”a açıqlamasında bildirib ki, sülh sazişi üzrə təşəbbüsü ələ almaq istəyən ABŞ-nin xarici siyasət idarəsinin sözçüsü Metyu Millerin iyulun 15-də verdiyi açıqlama düşündürücüdür. Onun sözlərinə görə, Miller Bakı və İrəvan arasında sülh danışıqları üzrə irəliləyiş əldə edildiyini deyir:
"Əlavə edir ki, “sülh razılaşmasında hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”. Vaşinqtonun “çətin kompromisləri” nədən ibarətdir, Bakıdan nə istəyə bilərlər? Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən salınmır. Bunun praktiki mümkünlüyü uzaq perspektivdə belə görünmür. Digər tərəfdən, Bakı ermənilərin Azərbaycan vətəndaşlığında yaşamasına qarşı deyil. Buna qarşı Qərbi Azərbaycana qayıdışı irəli sürür. Bu məsələ daha çox masada Ermənistanın əlini gücləndirmək məqsədilə Azərbaycana qarşı siyasi təzyiq xarakteri daşıyır, lakin effektsiz gedişdir. Bakıdan sərhədin hansı prinsiplərlə delimitasiya ediləcəyi bəndinin sülh sazişinə daxil edilməsini istəyə və bu bəndi İrəvanın “Almatı bəyannaməsi – SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi” istəyinə uyğunlaşdırmağa çalışa bilərlər. Bununla qoşunların sərhəddən geri çəkilməsi məsələsi aktuallaşacaq. Azərbaycanın bununla bağlı açıq mövqeyi var - uzunmüddətli proses olan delimitasiya sülh sazişindən sonraya saxlanılır və qoşunların geri çəkilməsi müzakirə olunmur".
Ekspertin qənaətincə, Azərbaycandan “Naxçıvana maneəsiz keçid” istəyindən imtina etməyi və kommunikasiyanın Ermənistanın istəyinə uyğun açılmasına razı olmağı istəyə bilərlər:
"Vaşinqtonun Orta dəhliz üzərindəki layihəsində bu məqamlar yer alır. Lakin Bakının buna razılaşmayacağı aydındır və bu halda ABŞ-nin planı da kağız üzərində qalacaq. Bakıdan “çətin kompromis” kimi bunları istəyə bilərlər. Bunun heç biri baş tutan deyil və mövcud vəziyyətdə Azərbaycana hansısa məsələdə güzəştə getməsi üçün diktə etmək də mümkün deyil. “Çətin kompromislər” daha çox Ermənistan üçün keçərli görünür. Kommunikasiyanın açılmasında “Naxçıvana maneəsiz keçidin” verilməsi, konstitusiya və digər hüquqi-aktlarda Azərbaycana qarşı iddiaların aradan qaldırılması və s. Vaşinqton Avrasiyadakı gələcək planları üçün Azərbaycanın mövqeyini nəzərə almalıdır. Lakin tərəflərin Vaşinqton masasında sülh sazişinə dair konkret nəticələr əldə edəcəyi, ümumiyyətlə, ABŞ-nin mövcud administrasiyasının buna nail olacağı ehtimalı az görünür".