Politoloq: Yalnız bundan sonra Zəngəzur dəhlizinin açılması və sülh sazişi ilə bağlı danışmaq olar

Bakı yaxın aylarda Qərbin dəstəyi ilə “Zəngəzur dəhlizi” məsələsində hədəfinə nail olacaq.
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, dəhliz məsələsi həll edildikdən sonra Bakı və İrəvan arasında əlaqələrin yaradılması üçün ilkin prinsiplər razılaşdırılacaq, bunun əsasında isə sənəd imzalanacaq.

İddiaya görə, Azərbaycan və Ermənistan rəsmiləri sənədi imzalamaq və təməl razılaşma əldə etmək üçün Tiflisdə görüş keçirəcəklər.

Nəşr yazıb ki, Bakı heç bir vasitəçi olmadan İrəvanla birbaşa dialoqu davam etdirəcək və bütün razılaşmalar ikitərəfli müzakirələr çərçivəsində olacaq. 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Qərb sözügedən məsələdə istər dəstək versin, istərsə də verməsin burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür:

“Ermənistan Azərbaycanın qoyduğu tələbləri yerinə yetirmədən tərəflər arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması real görünmür. Rəsmi Bakının tələbləri göz qarşısındadır. Ermənistan konstitusiyası mütləq şəkildə dəyişdirilməlidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməlidir. Eyni zamanda Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulası yenilənməlidir. Bunlar dəyişmədən sülh müqaviləsinin imzalanması nəticə verməyəcək. Ermənistan konstitusiyasında müstəqillik aktı və konstitusiyaları bütün beynəlxalq qanunlardan üstün tutulur. Bu isə Ermənistan konstitusiyasının sülh müqaviləsini arxa plana atması deməkdir. Belə olan halda isə Bişkek Protokolu və ehtimal olunan sülh müqaviləsi arasında fərq olmayacaq. Ona görə də Ermənistan qoyulan tələbləri yerinə yetirdikdən sonra Zəngəzur dəhlizinin açılması və sülh sazişi ilə bağlı danışmaq olar. Bunların olması üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun yaradılmasıdır. Çünki Ermənistana Qərb, Rusiya, Hindistan və İranın təzyiqləri var. Yəni qarşı tərəfin iradə göstərməsi vacibdir”.