Ermənistan daha çox ABŞ-nin təsir dairəsindədir, ona görə Böyük Britaniyanın görüş təklifinə isti baxmayıb
Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı təkliflə çıxış etmişdi. Lakin Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi görüşdən imtina edib. H.Hacıyev xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Görüşün əvvəlində Britaniya baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. H.Hacıyevin sözlərinə görə, Ermənistanın bu görüşdən imtina etməsi İrəvanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirilir: "Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil. Beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan, əslində, dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk". Xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Ermənistan tərəfindən imtina səbəbindən görüşün baş tutmaması sülh prosesinə töhfə vermir.
Sülh gündəmindən uzaqlaşmağın hansı məsuliyyət doğurduğunu imtinadan sonra dərk edən İrəvan rəhbərliyi təkzibə cəhd edib və tez-tələsik bildirib ki, əslində, belə bir görüşün olması təklifi ilə Ermənistan tərəfi "çıxış edib". Ermənistan XİN sözçüsü Ani Badalyan mediaya açıqlamasında vurğulayıb ki, Ermənistanın təklifi hələ də qüvvədədir: "Ermənistan tərəfi həmçinin danışıqların ən ali və yüksək səviyyədə aktivləşdirilməsi və bir ay müddətində sülh sazişi imzalanması təhlifini bir daha təsdiqləyir".
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyanın Böyük Britaniyanın görüş təklifindən imtina etməsi maraqlı məqamları ortaya qoyur. Ekspertin fikrincə, baş verənlərə müasir dünya düzəninin formalaşması dövründə Böyük Britaniyanın yeni güc mərkəzi yaratmaq üçün "Brikslə" Avropa İttifaqından ayrılması fonunda baxmaq lazımdır:
"Məsələ ondadır ki, ABŞ və Böyük Britaniya hər zaman birlikdə görünsələr də, ayrı güc mərkəzlərinin oyunçularıdır. Dünyanın əsas güc mərkəzləri tərəfindən idarə olunmasında öz təsir dairələrini
müəyyən edirlər. Bu baxımdan Ermənistan daha çox ABŞ-nin güc mərkəzinin təsir dairəsini qəbul edir. Belə durumda Nikol Paşinyanın BB-nın görüş təklifindən imtina etməsi onu göstərir ki, Paşinyan ABŞ-dən kənar güc mərkəzlərinin vasitəçiliyini qəbul edə bilməz. Azərbaycan isə Türkiyə ilə birlikdə Böyük Britaniya güc mərkəzinin oyunçusudur. Hətta Türk Dövlətləri Təşkilatı belə bu güc mərkəzinin təsir dairəsinə aiddir. Məncə, Paşinyanın bu addımının sülh danışıqlarından geri çəkilmək kimi qiymətləndirilməsi doğru deyil. Paşinyan sadəcə ABŞ-nin təsir dairəsində keçirilən görüşləri qəbul edir və onun aldığı qərarlara tabe olur. Odur ki, Londonun keçirmək istədiyi görüşdə iştirak etmək Paşinyanın qüvvəsi xaricindədir. Xüsusən, həmin gücün Ermənistanı müdafiə edən tək mərkəz olduğunu nəzərə alsaq, proses daha aydın olar".