Azərbaycan-Böyük Britaniya münasibətlərinin perspektivləri prioritetdir
Azərbaycan Prezidentinin Londona səfər etməsi dünya mediasının da, siyasi analitiklərin də diqqət mərkəzində olub
Meydandan qaçmaq erməni etnopsixologiyasına xas olan xüsusiyyətdir
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. Prezidenti Oksforddakı Blenheim sarayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Kir Starmer qarşılayıb. Dövlət başçısı Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib və tədbirdə çıxış edib. Prezident Zirvə toplantısı çərçivəsində Macarıstan Baş naziri Viktor Orbanla və İsveçrə Konfederasiyasının prezidenti Viola Amherlə görüşüb, müzakirələr aparıb. Prezident İlham Əliyev Litva rəhbəri Gitanas Nauseda ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirib və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğulayıb. Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırlayıb. Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulanıb. Daha sonra dövlət başçısı Finlandiya Prezidenti Aleksandr Stubb ilə də bir araya gəlib. Görüşdə Finlandiya prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırladıb. Telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd edib. Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub. Dövlət başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb. Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Finlandiya prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzulayıb. Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirilib. Bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edilib. Dövlət başçısı Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub. Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb. Dövlət başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Londona səfər etməsi dünya mediasının da, siyasi analitiklərin də diqqət mərkəzində olub. Ekspert xatırladıb ki, Azərbaycan və Türkiyə liderləri Fransa Prezidenti Emmanuel Makronun təxribatçı, ermənipərəst siyasətinə etiraz əlaməti olaraq Avropa Siyasi Birliyinin bundan öncəki, Qranada sammitində iştirak etməkdən imtina etmişdilər:
"Dövlət başçısı İlham Əliyevin London Zirvəsinə qatılması həqiqətən mühüm hadisədir, olduqca əhəmiyyətlidir. Bu da onu göstərir ki, rəsmi Bakı üçün Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında dünyanın və Avropanın siyasi gələcəyinin müzakirə edilməsi ilə yanaşı, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafının perspektivləri də çox önəmlidir. Ona görə də İlham Əliyev hər şeydən öncə Londona Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək üçün yox, məhz Böyük Britaniya ilə əlaqələrimizin daha da möhkəmləndirilməsi və Avropa Siyasi Birliyinin sammiti çərçivəsində qlobal sülh prosesinə dəstəyimizi ifadə etmək üçün gedib. Onsuz da sammit çərçivəsində dövlət başçısı İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair qəti qərar qəbul edilməmişdi. Sadəcə olaraq Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edən Böyük Britaniya rəhbərliyi belə bir görüşün keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu görüün eynilə Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması nəzərdə tutulurdu. Lakin Paşinyan İlham Əliyevlə görüşdən qaçdı. Bəli, məhz qaçdı, imtina etmədi.
Ona görə də bu hadisənin Ermənistan tərəfinin Londonda Azərbaycanla görüşdən imtina etməsi kimi təqdim edilməsi reallığı düzgün əks etdirmir. Paşinyanın meydandan qaçması onsuz da gözlənilən idi. Adam necə deyərlər, öz sələflərindən – Robert Koçaryandan, Serj Sarkisyandan görüb-götürüb. Onlar da kritik məqamlarda, çıxılmaz vəziyyətlərdə İlham Əliyevlə görüşləri ya təxirə salır, ya da birbaşa görüşlərin gedişində biabırçı şəkildə aradan çıxırdılar. Meydandan qaçmaq erməni etnopsixologiyasına xas olan xüsusiyyətdir. Nikol Paşinyan bir yandan müxtəlif beynəlxalq platformalarda sülh haqqında danışmaqla Ermənistanın “sülhsevər ölkə” imicini yaratmağa çalışır. Lakin digər tərəfdən həm Fransa və Hindistanla silah tədarükünü genişləndirir, həm də eyni zamanda Ermənistan tərəfi ABŞ ilə birgə hərbi təlimlər keçirir. Eyni zamanda ABŞ-nin hərbi nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləməsi razılaşdırılır. Bu halda “sülh oyunları” oynayan Ermənistan baş nazirinin meydandan qaçması anlaşılandır".
Analitik vurğulayıb ki, Prezident İlham Əliyev sülh sazişinin başlıca şərti kimi Ermənistan konstitusiyasının dəyişdirilməsini və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını tələb edir. Bunun müqabilində, Paşinyan yeni konstitusiyanın qəbulu üçün 2026-cı ilin sonuna qədər möhlət istəyir:
"Bu o deməkdir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını daha iki il müddətinə uzatmaq, ləngitmək niyyətindədir. Ermənistan rəhbərinin Londonda Əliyevlə görüşdən yayınması da bilavasitə bununla bağlıdır. Paşinyan Azərbaycan Prezidentinin tutarlı sualları və qınaqları qarşısında aciz duruma düşəcəyini yaxşı bilir. İndi gözləyək görək beynəlxalq ictimaiyyət və Ermənistanın ənənəvi havadarları Paşinyanın bu “avtoqol” hərəkətini necə qiymətləndirəcək. Bəli, Paşinyanın ikitərəfli görüşdən qaçmasının futbolçunun topu öz qapısına vurmasından heç bir fərqi yoxdur. Ermənistan rəhbərliyinin bu addımı sülh prosesinə töhfə vermək əvəzinə, ona ciddi zərbə vurur".