Akif Nağı: “Mənim şansım YAP-ın xanım namizədindən çoxdur”

“Leyla Babışovanın arxasında hakim partiya dayansa da, o qədər də tanınmır ”


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. Siyahıda işğaldan azad edilmiş ərazilərin də adı qeyd olunub. Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərindən namizəd Babışova Leyla Adil qızı olacaq. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Bir müddət coğrafiya müəllimi kimi çalışıb. Xanım namizəd 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürəcək. Qeyd edək ki, Azad Vətən Partiyasının sədri Akif Nağı da namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Partiya sədri vurğulayıb ki, 30 il ərzində Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etdiyinə görə namizədliyini Qarabağın bir hissəsindən verməsi həm də simvolik məna daşıyır. 

Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, hər bir partiya öz şansını ölçüb-biçməklə məşğuldur. Partiya rəhbərinin sözlərinə görə, hakim YAP-ın da namizəd siyahısı ilə yanaşı, başqa partiyaların nümayəndələri, o cümlədən bitərəf namizədlərin də imkanları, potensialı onlar tərəfindən götür-qoy edilir: 

"Mən 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yeni Azərbaycan Partiyasının namizədini gözləyirdik. Gənc xanımdır və YAP funksionerlərindəndir. Düzdür, xanım özü tanınmasa da, arxasında hakim partiya dayanır. O baxımdan rəqibimizi ciddi namizəd hesab edirik. Sağlam mühit var, axıradək mübarizəmizi, təbliğatımızı aparacağıq. Kimin qalib gələcəyini zaman göstərəcək. Amma deyim ki, biz də kifayət qədər ictimaiyyətdə tanınırıq. Qarabağın azadlığı uğrunda uzun illər mübarizə aparmışam. Düşünürəm ki, xanım namizədlə və digər rəqiblərlə müqayisədə hər halda bizim təbliğatımız daha təsirli olacaq. Namizədlər içində ən şanslı olanı özüməm. Əlbəttə, hakim YAP-la bizim gənc partiya müqayisə oluna bilməz, amma tanınma baxımından hesab edirəm ki, şansım daha çoxdur. Həmin dairə üzrə siyasi-ictimai baxımdan tanınan namizəd yoxdur". A.Nağı təbliğat-təşviqat kampaniyasının isti aya təsadüf etməsini də münasibət bildirib: "Fərqi yoxdur, yay və ya qış oldu, hər dövrün özünün çətinlikləri var. Seçki ümumiyyətlə mürəkkəb prosesdir. Yay ayının çətinlikləri ilə bərabər asanlıqları da var. Məsələn, istirahət vaxtı insanlar siyasi-ictimai proseslərə daha çox diqqət yetirə bilərlər, daha çox vaxt ayırırlar. Adətən iş günlərində adamların başı qarışıq olur. Tutaq ki, mən müəlliməmsə, mütləq dərs prosesini nəzərə almalıyam. Amma indi tətil zamanıdır deyə sərbəstlik var. Bu da imkan verir ki, işimizi daha yaxşı quraq".