Seçkilərə kölgə salmaq istəyirlər -ŞOK AÇIQLAMA

Bəzi adamların qohum-əqrəbaları əvvəlcədən rayonlara axışıb, həmin dairənin onlara "məxsus" olduğunu iddia edirlər


  Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülənlər arasında sabiq nazirlərin, deputatların, partiya sədrlərinin yaxın qohumları da var. Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Rövşən Muradov MSK-nın sabiq üzvü, akademik Şahbaz Muradovun oğlu, sabiq nazir Əli Abbasovun kürəkənidir. O, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavinidir. İndiyədək YAP-ın bu dairədən deputatı Mahir Abbaszadə idi. Hakim partiya tərəfindən 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülən Samir Vəliyev isə keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğludur. Əhməd Vəliyev Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olub. YAP-ın namizədlər siyahısında adı olan Mahir Süleymanlı isə sabiq deputat Tahir Süleymanovun oğludur. Onun namizədliyi 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən irəli sürülüb. Tahir Süleymanov 2000-2020-ci illərdə Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisin deputatı olub. Daha bir deputatın, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının da qızı seçkilərdə iştirak edəcək. F.Ağamalının özü namizəd olmayacaq. Günay Ağamalının namizədliyi 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən irəli sürülüb. O, Ana Vətən Partiyası sədrinin humanitar və kommunikasiya məsələləri üzrə müşaviridir. Deputat Fəzail Ağamalı bu il seçkilərdə səhhətində yaranan problemlə görə iştirak etməyəcəyini söyləyib və bildirib ki, həmin dairədən onun qızı namizəd olacaq. Daha bir namizəd Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıdır. 70 saylı Neftçala Seçki Dairəsindən namizədliyi irəli sürülən Tənzilə Rüstəmxanlı Xalq şairi, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Bir neçə gün öncə Ağ Partiyanın sədri Tural Abbaslı da açıqlayıb ki, növbədənkənar parlament seçkilərində özü ilə bərabər həyat yoldaşı və qayınatası da iştirak edəcək. Partiya sədri bu iştirakı ailələrinin siyasətçi olması ilə əlaqələndirib.  
 
 Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, hakim YAP-ın namizədlərini hamı gözləyirdi. Professorun sözlərinə görə, hakim partiya ilk dəfə olaraq daha çox gənclərə və xanımlara yer verib:
 "Təbii ki, 125 dairənin hamısında qalib namizədlər Yeni Azərbaycan Partiyasından olmayacaq. Çoxluğu əldə etsələr də, inanmıram ki, YAP-ın parlamentdəki deputatlarının sayı 80-i keçsin. Çünki hakim partiyanın namizəd kimi irəli sürdüyü gənclərin əksəriyyəti tanınmır. Onların təqdim olunması ciddi problemlə üzləşə bilər. Azərbaycanda yeni bir era başlayır və bütün dünyanın diqqəti bizdədir. Yeni era prezident seçkisində göstərdi ki, Azərbaycan demokratik seçki keçirməyi bacarır. Parlament seçkilərinin də demokratik şəkildə baş tutacağına böyük inam və ümid var. Əfsuslar olsun ki, bəzi namizədlər rayon icra hakimiyyətləri ilə danışıqlar aparırlar. Bir qrup adam öz biznes layihələri üçün Azərbaycanı qurban verməyə çalışırlar. Bu cür addımlar xüsusən bölgələrdə dövlətimiz üçün çox mənfi imic formalaşdırır. Çox pis ənənələrdən biri də odur ki, bəzi adamların qohum-əqrəbaları əvvəlcədən rayonlara axışıb, həmin dairənin onalara "məxsus" olduğunu iddia edirlər. Belə biabırçı və təhlükəli addımlardan uzaq olmaq lazımdır. "Hansısa dairə filan adamındır, onun ailə üzvlərinindir" yanaşması dövlətin imicinə, Prezidentin yürütdüyü siyasətə xəyanət etməkdir. Belə təşəbbüslərin hamısının arxasında şəxsi maraqlar durur". 

  C.Nuriyev parlament seçkisində "varislik" məsələsinin müzakirəsinə bu cür münasibət bildirib: 
"Yaşı 18-dən yuxarı hər kəsin seçkilərdə sərbəst iştirak etmək, özünü sınamaq hüququ var. Heç kimə demək olmaz ki, "sənin atan, yoldaşın, qohumun deputat olub, ona görə namizədliyini irəli sürə bilməzsən". Eyni zamanda heç kim düşünməsin ki, onun atası, həyat yoldaşı, qardaşı nə vaxtsa parlament üzvü olub, deməli, o da indi deputat seçilməlidir. Parlament ənənəsində deputatlığın varisliklə ötürülməsi anlayışı yoxdur və olmamalıdır. Azərbaycanda bu ənənəni formalaşdırmağa çalışmaq heç də yaxşı deyil. Amma Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlıdan söhbət gedirsə, hamı bilir ki, Tənzilə xanım cəmiyyətdə ən fəal xanımlardandır. Azərbaycan üçün kifayət qədər işlər görüb. Tənzilə Rüstəmxanlı heç də parlamentdə təmsil olunmuş xanımlardan zəif deyil. İndi həyat yoldaşı tanınmış siyasi-ictimai xadim, xalq şairidir deyə heç bir iş görməməlidir?! Görünür, müəyyən dairələr yenə seçkilərə kölgə salmaq, diqqəti başqa istiqamətə yönəltmək niyyətindədirlər. Ancaq daha əvvəldə vurğuladıqlarım "varislik ənənəsi"ndən daha təhlükəlidir".