Çin Tacikistanda təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib
Mərkəzi Asiya ölkələri təhlükəsizliklərini müxtəlif formalarda gücləndirirlər. Bu ölkələrin bir qismi Rusiya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələri qursalar da, ABŞ ilə dialoqdan da imtina etmirlər. Tacikistan isə təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı Çinlə də əməkdaşlığa üstünlük verir. Böyük Britaniyanın “The Telegraph” nəşrində yayımlanan məqalədə peyk görüntülərinə istinadən Çinin Tacikistanda məxfi hərbi baza inşa etdiyi bildirilib. Pekin bu məlumatları dərhal təkzib edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın açıqlamasında vurğulanır ki, Çin müstəqil xarici siyasətə sadiqdir: "Mərkəzi Asiyada heç bir hərbi bazası yoxdur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Qərb Pekinin təkzibinə inanmayıb. Çünki Çin 2014-15-ci illərdə Afrikada, Cibutidə hərbi baza tikməsinə dair xəbərləri də təkzib etmişdi, ancaq sonradan hərbi bazanın varlığı təsdiq olundu:
"Tacikistanda hərbi baza Çinin nəyinə lazımdır? Bəzi məlumatlara görə, Çinin Tacikistandakı lokal hərbi bazası Əfqanıstanla sərhəd yaxınlığındadır. Çinin Tacikistanda böyük yatırımları var, mədənlərdən faydalı qazıntılar çıxarılır. Çin Tacikistanın ən böyük xarici investoru və əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardır. Bu maliyyə sıxıntısı yaşayan Tacikistan üçün böyük rəqəmdir. Pekinin Düşənbə ilə əlaqələri Çin lideri Tsi Si Cinpinin Tacikistana səfərindən sonra daha da güclənib. Bunların fonunda Çin Tacikistanda təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Çin Tacikistan üzərindən Əfqanıstanda fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na qarşı mübarizəni gücləndirəcək. Bu baxımdan Tacikistan-Əfqanıstan sərhədinin qorunması Çin üçün vacibdir".