Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər
"ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər. ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı pozitiv və sevincək tonda verdiyi açıqlama Vaşinqtonun sülh gündəliyində rolunun artdığına istinad edir".
Bu barədə siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib.
Ekspert bildirib ki, Vaşinqtonun Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan maraqlarındakı strateji yerləşdirməni göstərir:
"Görünür, Ağ Ev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində keçirdiyi görüşdən məmnun qalaraq əldə edilmiş razılıqları irəliyə aparmaq üçün açar əldə etdiyini düşünür. Dövlət Departamentindən verilən bəyanat həm də ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyində hökmran vasitəçilik qurmaq cəhdlərinə işarə edir. Ancaq Azərbaycan sülh proqramının kənar qüvvələrin ambisiyaları ilə deyil, öz maraqlarının təntənəsi kimi nəzərdən keçirir. Yəni ABŞ-dən verilən açıqlamanın gizlinlərində Azərbaycan üçün faydalı məqamlar olsa da, yekunda düşünmək olmaz ki, Bakı Vaşinqtonun gündəliyini bütövlükdə dəstəkləyəcək".
Analitikə görə, ABŞ-nin masada olan hazırkı razılıqlarla sülh sazişinin imzalanmasına tələsdiyi görünməkdədir ki, bu da Azərbaycanın perspektiv strateji yerləşməsi maraqları ilə ziddiyyət təşkil edir:
"ABŞ indi çalışır ki, öz maraqları ilə Azərbaycanın gələcək geosiyasi şəkilləndirmə ssenariləri arasında tarazlıq yaratsın. Bu tarazlıq aktı Zəngəzur dəhlizi ilə reallaşa bilər. Yəni Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər. Buna səbəb verən əsas amillərdən biri Vaşinqtonun Zəngəzur dəhlizi layihəsini Cənubi Qafqazla Mərkəzi Asiya arasında vacib geosiyasi bağlantı quran prioritet kimi qəbul etməsidir".