Paşinyan İlham Əliyevlə görüş üçün özündə cəsarət tapa bilməyib -ANALIZ

Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb. 
Sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münhendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”. Dövlət başçısı qeyd edib ki, xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb:  "Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir". Burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib: "Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Londonda Böyük Britaniya hökümətinin təşkil etdiyi görüşdən imtinası ciddi suallar doğurur. Ekspertin sözlərinə görə, ötən günlərdə ABŞ-nin vasitəçiliyi və təşəbbüsü ilə görüş keçirilib: 

"XİN rəhbərləri Vaşinqtonda bir araya gəldi və sülh danışıqları çərçivəsində müzakirələr apardılar. Hər iki tərəfə kompramislərə getmək təklif olunurdu. Digər tərəfdən Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirdi. Belə məqamda Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə  görüşdən qaçması müəyyən suallar doğurur. Hətta görüşün daha öncədən razılaşdırıldığını və Azərbaycanın konkret şərtlərinin bəlli olduğunu nəzərə alsaq, Paşinyanın bu davranışı absurd və anlamsızdır. Rəsmi Bakı Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edir. Sonrakı önəmli məsələlər isə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası və 4 kəndin Azərbaycana qaytarılmasıdır. Görünür, Paşinyan hökuməti bunları həyata keçirməyə hələ hazır deyil. Yəni, Paşinyan İlham Əliyevlə görüş üçün özündə cəsarət tapa bilməyib. Ona görə də görüşdən qaçıb. İrəvan hökuməti çox yaxşı bilir ki, Bakı öz tələblərindən, şərtlərindən geri durmayacaq. Başqa bir nüans odur ki, hazırda Ermənistan daxilində müxalifət yenidən aktivləşib. Paşinyan ehtiyat edir ki, erməni ictimaiyyəti onun məcburi güzəştlərini xoş qarşılamaz. Baş verənlər nikbinliyi azaldır, amma istənilən sülh prosesini davam etdirmək lazımdır".