"Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın". Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, bu sahədə müəyyən dezinformasiyalara rast gəlinirdi: "Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”. Prezident vurğulayıb ki, biz de fakto və de yure olaraq müstəqilliyi seçdik: "Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa can atan tərəfdaşlarımızla səmərəli əməkdaşlıq. Əlbəttə ki, biz daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələri təmin etdik. Bu, bizə imkan verdi ki, biz iqtisadi problemlərin böyük əksəriyyətini həll edək. Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik”.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Qlobal Media Forumda çıxışından gəlinən qənaət budur ki, Azərbaycan beynəlxalq aləmdə dostlarının və tərəfdaşlarının sayını artırıb. Ekspertə görə, müxtəlif regional təşkilatlarda ölkənin mənafeyi baxımından iştiraka marağı artıb:
"Dövlət başçısı Qərbə düşmən gözüylə baxan, “kollektiv Qərb” ifadəsini mənfi mənada hallandıranlara da yaxşı cavab verib. İlham Əliyev Avropa Parlamenti və Avropa Şurası, o cümlədən Fransa xaricində Azərbaycanın Qərblə münasibətlərində problemin olmadığını bu şəkildə dəyərləndirib: “Vaxt keçdikcə Qərbin siyasi dairələrində reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən 3 il sonra anti-terror əməliyyatı ilə işğala və separatizmə birdəfəlik son qoydu. Gözləmək olardı ki, bu qələbəmizi həzm edə bilməyənlərin sayı çox olacaq, bizə təzyiq artacaq. Heç biri olmadı, kiçik istisnalar xaricində ərazimizdə separatizmə son qoymağımıza etiraz olmadı. Əksinə tərəfdaşlığa üstünlük verənlərin sayı artdı. Reallıq budur".