"Tahir Kərimlinin öz namizədliyini irəli sürməməsi böyük bir sosial bazanı və partiya mənsublarını ciddi narahat edir"
"Aktiv elektorata mənsub Vəhdət Partiyasını parlamentdən kənar buraxmaq doğru olmazdı"
"Milli Məclisə seçkilər artıq qaynar nöqtəsinə yaxınlaşır. Siyasi partiyalar seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdiriblər".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən partiyanın deputatlığa namizədi Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, hakim partiya bütün dairələrdə namizdlərini ictimaiyyətə açıqladıqdan sonra ümumi siyasi mənzərə aydınlanıb:
"Bir neçə partiya lideri yaşından və səhhətindən dolayı seçkidən çəkildi. Partiya sədrləri seçkidən çəkilsələr də, siyasi varislərini ictimaiyyətə təqdim etdilər. Fəzail Ağamalı və Sabir Rüstəmxanlı anlayış göstərərək geri çəkilsələr də, onlar özlərinə "varis" təyin etdilər. Vəhdət Partiyasının sədri Tahir Kərimlinin partiya qərarı olmasına baxmayaraq, hələ də namizədliyini 90 saylı Ağsu seçki dairəsindən irəli sürməməsi böyük bir sosial bazanı və partiya mənsublarını ciddi narahat edir. Seçki qərarı verilməsi ərəfəsində Tahir bəyin optimist əhvalı var idi. Onun qəflətən fikrini dəyişməsini ona qarşı süni şəkildə yaradılmış inamsızlıq olduğunu zənn edirəm".
Partiya təmsilçisi qeyd edib ki, Tahir Kərimli həssas insandır və bu sayaq yanaşmalara reaksiya verməsi təəccüblü deyil:
"30 ildir böyük çətinliklər aşaraq qoruyub saxladığımız təşkilatın parlamentdən kənar qalmasına razı ola bilmərik. Son 9 ili çıxmaq şərti ilə partiyamız şəxsi hesabımız sayəsində fəaliyyət göstərmişdi. Qarabağ uğrunda “Böyük Zəfər”dən sonra Azərbaycan cəmiyyətində siyasi qütbləşməni yumşaltmaq əvəzinə böyük aktiv elektorata mənsub Vəhdət Partiyasını parlamentdən kənar buraxmaq doğru olmazdı".