Prezident seçkisi ilə bağlı dünyanın heç bir yerində mənfi yanaşma olmadı
Ancaq əfsuslar ki, bəzən dövlət məmurları parlament seçkiləri haqda mənfi rəy formalaşdırırlar
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Deputatlığa namizədliyi irəli sürülənlərdən 700 nəfərin namizədliyi təsdiqlənib: "Onlardan 609 nəfər imza vərəqələri götürüb, 57 nəfər imza vərəqələrini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb".
Sentyabrın 1-də parlamentdə keçiriləcək növbədənkənar seçkilərdə namizədliyini irəli sürənlərdən biri siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Cümşüd Nuriyevdir.
Professor namizədliyini 90 saylı Ağsu seçki dairəsindən irəli sürüb:
"Namizədliyimi müstəqil şəkildə vermişəm və artıq imza vərəqələri də təhvil verilib. Cənab Prezident andiçmə mərasimində elan etdi ki, Azərbaycanda yeni era başlayır. Budəfəki seçkilərin demokratik keçiriləcəyinə inamım olduğuna görə belə bir addım atdım. İnanıram ki, bu dəfə fərqli seçkilərin şahidi olacağıq və namizədlərə şans veriləcək. Seçki platforması dedikdə, mən ümumiyyətlə, bütün məsələlərin küçələrdən parlamentə daşınmasının tərəfdarıyam. Azərbaycanın çoxsaylı problemləri var ki, qalib bir ölkədə həmin məsələlərin qalması yaraşmır. Xüsusən, təhsil, səhiyyə və sosial sahədə kifayət qədər həllini gözləyən problemlər var. Seçki şüarım da yəqin ki, "Biz birlikdə güclüyük" olacaq. Həmin dairədən Hakim Yeni Azərbaycan Partiyası Əli Hüseynovun namizədliyini irəli sürüb. Ə.Hüseynov həkimdir, tanınmış adamdır. Eşitdiyimə görə, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin də Ağsudan yenidən namizəd olacağı deyilir. Digər namizədləri isə tanımıram. Bütün rəqiblərimə hörmətlə yanaşıram. Hələlik namizədlərin irəli sürülməsi prosesi gedir. Ağsu dairəsindən namizədlər konkret təsdiqlənəndən sonra onlar barəsində fikirlərimi daha ətraflı qeyd edəcəm".
C.Nuriyev vurğulayıb ki, o, seçki fəallığının zəif olması fikri ilə razılaşmır:
"İnsanlar daha çox siyasiləşib. Mən uzun müddət seçkilərdə iştirak etməmişəm. Görürəm ki, indiki dövr tamamilə fərqlidir. Küçədə, bazarda insanlar elə suallarla müraciət edirlər ki, heç hazırda siyasilər, partiya sədrləri o dərəcədə fəallıq nümayiş etdirmirlər. Əvvəlki illərdə camaat daha çox sosial məsələləri qabardır, dolanışıqdan, yollardan, məmur özbaşınalığından və s. mövzulardan danışırdılar. İndi isə Azərbaycanın gələcəyindən, torpaqlarımızın suverenliyindən, xarici siyasətimizdən söhbət edirlər. Toplumda parlament səviyyəsində müzakirə olunacaq məsələlərin müzakirəsi göstərir ki, cəmiyyət kifayət qədər siyasiləşib. Xalqımız siyasi baxımdan çox inkişaf edib. Ona görə də seçki prosesinin və seçki fəallığının zəif olacağını düşünmürəm. Bu, Azərbaycan dövlətinin son şansıdır. Ölkəmiz haqqında müxtəlif qərəzli, yanlış informasiyalar yayılır, gözdən salmağa çalışırlar. Prezident seçkiləri göstərdi ki, Azərbaycanda həqiqətən də İlham Əliyevin alternativi yoxdur. O səbəbdən prezident seçkisi ilə bağlı dünyanın heç bir yerində mənfi yanaşma olmadı. Ancaq əfsuslar ki, bəzən dövlət məmurları parlament seçkiləri haqda mənfi rəy formalaşdırırlar. Özü də bunu bilərəkdən edirlər. İnanıram ki, Azərbaycan bu imtahandan da üzüağ çıxacaq. Mötəbər COP29 tədbiri öncəsi bu kimi hallara qətiyyən yol vermək olmaz. Kimin qabiliyyəti, ağlı, savadı var, parlamentə də onlar düşsün".