Politoloq -Şuşa dərsindən hər kəs payını götürdü

Bakının istəyinin əksinə, bölgədə möhkəmlənmək çox çətindir
 
Qərb ölkələri öz məqsədlərinə nail olmaq üçün ilk növbədə bölgədə Azərbaycanla yaxşı münasibətlər qurmalıdır
 
Bizimlə hədə-qorxu, təhdid dili ilə danışmaq heç kimə fayda verməyəcək
 
 
 
 Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında çoxsaylı suallara cavab verdi, mühüm məqamlara toxundu. Dövlət başçısının diqqət çəkdiyi öməmli məsələlərdən biri də hər cür qərəz və böhtana, qarayaxma kampaniyasına rəğmən, Azərbaycanın tərəfdaşlarının sayının artması, Qərb dövlətlərinin baxışlarının dəyişməsi, reallıqların tədricən qəbul olunması ilə bağlı idi. Dövlət başçısı haqlı olaraq vurğuladı ki, biz Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılmasını istəyirik. Bu sahədə müəyyən dezinformasiyalara rast gəlindiyini vurğulayan dövlət başçısı qeyd edib ki, vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır: "Biz de fakto və de yure olaraq müstəqilliyi seçdik - müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa can atan tərəfdaşlarımızla səmərəli əməkdaşlıq. Əlbəttə ki, biz daxili potensialımıza söykənirdik. Eyni zamanda biz region ölkələri ilə də sıx əlaqələri təmin etdik. Bu, bizə imkan verdi ki, biz iqtisadi problemlərin böyük əksəriyyətini həll edək. Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik".

 Dövlət başçısının bəyanlarını dəyərləndirən politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Qərb dövlətlərinin Azərbaycana qərəzli münasibətinin yaxşılığa doğru dəyişməsində bir neçə mühüm səbəbi qeyd etmək lazımdır. Ekspertin sözlərinə görə, hər şeydən əvvəl Azərbaycana qərəzi olanlar, ölkəmizin ünvanına yalan və böhtanlar söyləyənlər bu cür addımların heç bir nəticə vermədiyini gördülər:

"Azərbaycan hakimiyyəti təzyiqlərə boyun əymədi və öz mövqeyindən, öz baxışlarından imtina etmədi. Bir daha hamıya sübut etdik ki, qərəzli bəyanatlar vermək, Azərbaycana təzyiq göstərmək yanlış yoldur və nəticə verməyəcək. İkinci mühüm səbəb Azərbaycanın ədalətli olmasıdır. İstənilən mübahisəli məsələlərdə Azərbaycanın haqlılığı üzə çıxdı. Ölkə rəhbərliyi haqlı mövqeyimizi mükəmməl şəkildə əsaslandıra bildi. 2023-cü il antiterror əməliyyatı ərəfəsində, xüsusilə Qərb dövlətlərinin, ilk növbədə Amerika Birləşmiş Ştatlarının kəskin bəyanatlar verməsi, Qarabağda antiterror əməliyyatına yol verməyəcəklərini söyləmələri Azərbaycanı öz mövqeyindən döndərmədi. Qarabağda yerləşən erməni silahlarının tərksilah edilməsi məqsədilə antiterror tədbirləri həyata keçirildi".

 Analitik vurğulayıb ki, Qərb, ilk növbədə Amerika Birləşmiş Ştatları bununla barışmaq və hesablaşmaq məcburiyyətində qaldı:
 "Çünki heç bir dövlət öz ərazisində 10 mindən artıq qanunsuz silahlının olmasına dözə bilməzdi. Digər önəmli məqamlardan biri odur ki, Qərb Cənubi Qafqaz bölgəsinə nüfuz etmək, Rusiyanı bölgədən çıxarmaq istəyir. Qərb ölkələri öz məqsədlərinə nail olmaq üçün ilk növbədə bölgədə Azərbaycanla yaxşı münasibətlər qurmalıdır. Bakının istəyinin əksinə, bölgədə möhkəmlənmək çox çətindir. Hətta deyərdim ki, qeyri-mümkündür. Qərb ölkələri nəhayət bunu anladılar. Başqa bir səbəb Rusiyanın sanksiyalara məruz qaldığı şəraitdə, xüsusilə rus qazından imtina olunduğu zamanda Azərbaycanın Avropanın qazla təminatında mühüm rol oynamasıdır. Həmçinin təmiz enerjiyə , "yaşıl enerji"yə keçidlə bağlı layihələrdə Azərbaycanın rolu kifayət qədər mühümdür. Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi və onun bir hissəsi olan Orta Dəhliz Qərb üçün mühüm əhəmiyyətə malikdir. Bütün bunlar məcbur edir ki, Qərb dövlətləri öz siyasətlərinə yenidən baxsınlar, qərəzdən, böhtandan, şərdən imtina etsinlər. Azərbaycanı itirməmək üçün Bakı ilə normal münasibətlər qursunlar, əvvəlki ritorikanı dəyişsinlər. Azərbaycan öz mövqeyində bundan sonra da qətiyyətlə dayanmalıdır. Digər dövlətlərə də sübut etməliyik ki, bizimlə hədə-qorxu, təhdid dili ilə danışmaq heç kimə fayda verməyəcək. Qəti mövqe digər dövlətlərə də öz təsirini göstərəcək".