Yeni Cənubi Qafqaz geosiyasi sistemi: Rəsmi Bakı Çinlə münasibətlərə böyük önəm verir -ŞƏRH

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə MN-dən bildirilib.
Qonaqlara Milli Müdafiə Universitetinin tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Görüş zamanı Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Ordusunun hərbi qulluqçularının Çin Xalq Respublikasında təşkil olunan kurslarda müvəffəqiyyətlə iştirakı yüksək qiymətləndirilib. Qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətinin rəhbəri universitetin Şərəf kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində olub. Mərkəzlə tanışlıqdan sonra tədris prosesində müasir texnologiyaların tətbiqi imkanları və Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün Çin dilinin tədrisi məsələləri müzakirə edilib. 

Çin və Azərbaycan əlaqələrini “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli söyləyib ki, düyna nizamı böyük sürətlə dəyişir:
“Son 3-4 ilə qədər mövcud olan beynəlxalq, siyasi və hərbi təhlükəsizlik sistemləri, artıq transformasiyaya uğrayır. Bu baxımdan Cənubi Qafqazda da bir çox şeylər dəyişməyə doğru yönəlir. Böyük ehtimalla yaxın gələcəkdə yeni Cənubi Qafqaz geosiyasi sistemini müşahidə etməyə başlayacayıq. Ona görə də belə bir situasiyada gələcəyi hesablamağı bacaran dövlətlər yeni münasibətlər, fərqli təhlükəsizlik sistemləri, siyasi və iqtisadi əməkdaşlıqlar axtarır.  Gələcək hədəflərini hesablayan dövlətlərin sırasında Azərbaycan da yer alır. Ümumiyyətlə rəsmi Bakı Qərb və Şərq arasında balans siyasətini mümkün qədər qorumağa çalışır”.

Analitik vurğulayıb ki, rəsmi Bakı Çinlə münasibətlərə böyük önəm verir:
“Çin dünyanın super gücləri sırasına daxildir və Asiya qitəsinin lideridir. Eyni zamanda hərbi və siyasi çəkisi olan ölkədir. Çin ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri qurması yaxın gələcəkdə rəsmi Bakının geopolitik maraqları baxımından faydalı addımdır. Çinlə hərbi sahədə əməkdaşlıq Azərbaycan ordusun daha da güclənməsinə, hərbi-texniki və strateji hazırlıq prosesində böyük önəm daşıyacaq. Azərbaycan dövləti tamamilə doğru yoldadır. Çin kimi dövlətlərlə bütün sahələrdə əməkdaşlıq Azərbaycanın hərbi qüdrətinin və siyasi gücünün gələcəkdə də artmasına müsbət təsir göstərəcək. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq barədə sənəd imzalanıb. Eyni zamanda rəsmi Pekin Azərbaycana böyük maraq göstərir. Çünki Azərbaycan Çinin iqtisadi, ticari maraqlarının əsas arealına daxildir. Azərbaycan üzərindən dünya, xüsusilə də Qərb bazarlarına ticarət marşrutun əldə olunması Çin üçün vacibdir. Ona görə də Çin ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə daha da inkişaf etməsi mümkündür və iki tərəf üçün çox faydalıdır”.