10 milyon avro, əslində, çox kiçik vəsaitdir
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərinin getdikcə daha vacib elementidir: “Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”. Azərbaycan XİN buna etirazını bildirib. Qeyd olunub ki, Aİ-nin bu yanaşması olduqca təhlükəli addımdır və bölgədə sülhə xidmət etmir. XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir: "Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür". A.Hacızadə bildirib ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycanın ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək: "Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir. Göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək".
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında təəssüflə deyib ki, bu, ilk təşəbbüs deyil. Ekspertin sözlərinə görə, daha əvvəl Ermənistana yardımın verilməsi barədə qərar Macarıstan tərəfindən bloklanmışdı:
"Amma Macarıstan baş nazirinin Şuşaya səfərinə Avropa İttifaqı rəsmilərinin sərt reaksiyasının şahidi olduq. Baxmayaraq ki, Macarıstan baş naziri səfər zamanı yalnız özlərini təmsil etdiklərini, rotasiya üzrə sədri olduqları Avropa İttifaqı Şurasının mövqeyini ifadə etmədiklərini bildirmişdi. Sinxron olaraq Azərbaycana da eyni miqdarda yardım edilmiş olsaydı, ayrılan vəsaitin Avropanın dəyərlərinə, sülhə xidmət etdiyini iddia edə bilərdilər. Bəyan edilir ki, ayrılan vəsait Ermənistan ordusunun Avropa İttifaqının beynəlxalq missiya və əməliyyatlarında iştirak etməsinə şərait yaratmaq məqsədi güdür. Hazırda Aİ-nin ayrıca silahlı qüvvələr şəklində hər hansı beynəlxalq missiyası və əməliyyatlar keçirməsi haqda ciddi bir məlumat varmı? Avropa ordusunun yaradılması haqda uzunmüddətli müzakirələr gedir. Bu müzakirələrdə ABŞ NATO-nu tərk edəcəyi təqdirdə alyansın Avropa ordusuna çevriləcəyi perspektivi də nəzərdən keçirilir".
Analitik vurğulayıb ki, bunlar hələlik müzakirələrdir: "Ermənistanın gələcəkdə nəzərdə tutulan hansısa plana daxil edilməsindən söhbət gedir? Məsələn, Avropa silahlı qüvvələrinin NATO-nun ümumi razılığı olmadan da, Ukraynada Rusiyaya qarşı döyüşməsi haqda təkliflər var. Ermənistan belə bir missiyada iştirak edə bilərmi? Belə avantüraya qoşulmaq üşün 10 milyon avro, əslində, çox kiçik vəsaitdir. Görünür, Avropa strukturlarında ermənipərəst lobbinin növbəti dəfə Cənubi Qafqazla bağlı qərəzli, birtərəfli davranışından danışmaq lazım gəlir. Həm də bu, Ermənistanın özünə də fayda verməyəcək və onun gələcək planlarına ortaq olmağa hesablanmış avantürist bir addımdır".