"Rusiya Azərbaycan və Ermənistan nümayəndələri üçün danışıqlar üçün öz meydançasını təqdim etməyə və onlar üçün maksimum rahat şərait yaratmağa hazırdır".
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan liderinin Ermənistanla sülh müqaviləsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya hələ 2022-ci ildə (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 31 oktyabr tarixli bəyanatında təsbit olunub) regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb və buna hər cür dəstək verməyə davam edəcəyini öhdəsinə götürüb.
Zaxarovanın fikirlərinə münasibət bildirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Sherg.az”a söyləyib ki, sülh üçün ən yaxşı yol birbaşa danışıqların aparılmasıdır:
“Vasitəçi olan ölkələr təkcə Ermənistan Azərbaycan maraqlarını güdmürlər, eyni zamanda öz məqsədlərini də yerinə yetirmək istəyirlər. Ona görə də Azərbaycan iki ölkə arasında vasitəçisiz danışıqlar aparmaq yoluyla gedir. Qazaxıstan da Almatıda məkan təklif edərək, görüşdə iştirak etməyəcəklərini bildirmişdi. Ümumiyyətlə sülh danışıqları üçün Azərbaycan və Ermənistan sərhəddində görüşmək lazımdır. Digər tərəfdən Vaşinqton, Brüssel də sülh danışıqları üçün belə təklifər verir. Eynilə Paris də vasitəçilik üçün təklif verə bilərdi. Lakin Paris indiki zamanda Ermənistanın tərəfini tutduğunu başa düşdüyünə görə belə təkliflərə getmədi”.