Qurumun digər əməkdaşlarının namizədliyi ilə bağlı konkret qərar yoxdur
"Baxmayaraq ki, az vaxt qalıb, amma hələlik digər əməkdaşlarımızın qərarı bəlli deyil”
Məlum olduğu kimi, Milli Məclisin VI çağırış deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc namizədliyini bu dəfə Bərdədən yox, 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürüb. Z.Oruc bunun səbəbləri haqda danışarkən deyib ki, ötən 6 çağırış parlament seçkilərində dairələrin dəyişilməsi adi siyasi praktika olub: "Əsas odur ki, vətənimiz və əqidəmiz sabitdir". O, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən rəqibləri ilə mübarizəni isə bu cür şərh edib: "Mübarizəmiz namizədlərlə deyil, hər bir seçicinin səsinin qazanılması uğrunda olacaq. Elə millət vəkili olacağıq ki, kimsə özünü məğlub saymasın". Qeyd edək ki, Zahid Orucla bərabər 33 saylı Xətai birinci seçki dairəsindən iqtisadçı-ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli və tanınmış jurnalist Fuad Abbasov da namizədliyini irəli sürüb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli də növbədənkənar seçkilərlə əlaqədar namizədliyini irəli sürüb. Ə.Əlibəyli namizədliyini 104 saylı Gədəbəy seçki dairəsindən verib və artıq imzatoplama mərhələsinə keçid edib:
"İmzatoplama mərhələsinə xüsusi həssaslıqla yanaşan seçki komandasının üzvləri bildiriblər ki, imzatoplama mərhələsi, seçki kampaniyasının ən vacib elementlərindən biri olaraq namizədin seçicilərlə birbaşa əlaqə qurmasına və onların dəstəyini qazanmasına imkan yaradır". Onun sözlərinə görə, imzatoplama prosesinin dairəsi xüsusi həssaslığı ilə seçilən vətəndaşlara yönəlib: "Onlara imzalarını verdiyi şəxsin siyasi kimliyi, cənab Prezidentin yeni siyasi vizyonunun təmsilçisi kimi mühüm seçki reallıqları və konkret təklifləri ilə seçki marafonuna qoşulacağı və fərqli seçki çağırışları, performansı ilə çıxış edəcəyi nəzərə çatdırılıb".
Məlumat üçün bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Elşad Mirbəşiroğlu namizədliyini irəli sürməyib:
"Yeni Azərbaycan Partiyası tərəfindən 2020-ci ildə VI çağırış parlament seçkilərində namizədliyim irəli sürülmüşdü. Partiyanın İdarə Heyətinin keçirilən iclasında namizədliyim irəli sürülmədi. Yenə də partiyamın qərarına çox böyük hörmətlə, anlayışla yanaşıram. Mən Yeni Azərbaycan Partiyasının ideyalarını dəstəkləyirəm. Hansısa maraqlarımın təmin olunması üçün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmuram".
STM-nin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov da növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcək. Ötən parlament seçkilərində deputatlığa namizəd kimi iştirak edən politoloq budəfəki seçkiyə qatılmayacağını açıqlayıb. O, hakim YAP partiyasının namizədlərini dəstəkləyəcəyini deyib:
"Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 125 dairədən namizədlərinin irəli sürüldüyü və partiyanın vahid qərarı olduğu üçün mən də həmin namizədləri dəstəkləyəcəm. Ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyimə, ölkəmizin daxilində və onun hüdudlarından kənarda elmi konfrans və forumlarda milli maraqlarımızı qətiyyətlə qoruduğuma, yerli və xarici mediada müxtəlif dillərdə fəal və intensiv çıxışlarıma əsasən hakim partiyanın parlament seçkilərində namizədlər sırasına düşəcəyimə ümid edirdim. Partiyamızın üzvü olduğum üçün YAP namizədlərini dəstəkləmək borcumdur. Ümid edirəm ki, qarşıdakı elmi, pedaqoji və akademik fəaliyyətimlə mənə olan inam və etimadı doğruldaraq partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəyəm".
Qeyd edək ki, STM-nin sektor müdiri, tanınmış politoloq, aparıcı Tural İsmayılov da ictimai-siyasi hadisələrdə xüsusi fəallığı ilə seçilir. Lakin T.İsmayılovun da namizədliyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib ki, indiki mərhələdə STM-dən sadəcə iki namizəd var. Biri Zahid Oruc, digəri Əziz Əlibəylidir. Qurumun digər əməkdaşlarının namizədliyi ilə bağlı konkret qərar yoxdur: "Baxmayaraq ki, az vaxt qalıb, amma hələlik digər əməkdaşlarımızın qərarı bəlli deyil".