Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Həmçinin Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.
Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.
Türkiyədə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının həmişə diqqət çəkdiyini vurğulayan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, bu toplantılarda daxili və xarici təhlükəsizliklə bağlı mühüm qərarlar alınır:
“Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bəzi nazirlər və hərbi rəsmilərin iştirakı ilə keçirilən bu toplantıda hazırda xarici gündəm daha çox diqqət çəkir. Ərdoğan və Əsəd görüşündə Şimali İraq əməliyyatları, Türkiyə üçün təhlükə yaradan bütün terror qrupları və digər məsələlər müzakirə olunacaq. Ən əsası, Ukrayna böhranının regional təsirləri və Cənubi Qafqazdakı hadisələr görüşün əsas gündəm bəndi olacaq. Çünki Türkiyə Ermənistanla sərhəd qapılarının bağlanmasına səbəb kimi Kəlbəcərin işğalını önə çəkib. İndi Kəlbəcərin işğalı, yeddi rayon və Dağlıq Qarabağ problemi bitdiyi üçün Türkiyə Ermənistanla sülh müqaviləsi imzalamaq, xüsusən də sərhəd qapılarını açmaq istəyir. Amma bu məqamda Azərbaycanın prioritetləri də nəzərə alınmalıdır. Onlar ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll etmək, daha sonra Türkiyə ilə birlikdə üçtərəfli sülhü, yəni Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü həyata keçirmək istəyirlər. Bu məsələdə ləngimənin törətdiyi səhlənkarlığın mənfi nəticələrini nəzərə alan Türkiyə Azərbaycanla birlikdə Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir”.
Analitik söyləyib ki, Milli Təhlükəsizlik Şurasının bu ay keçiriləcək iclasının əsas gündəliyi digər məsələlərlə yanaşı, çox mühüm yer tutan Ermənistanla sülh məsələsidir:
“Bu sülh müqaviləsi uzandıqca bəzi imperiya dövlətləri Ermənistanı silahlandırmağa başladılar. Onlar Ermənistan vasitəsilə Rusiyaya qarşı yeni cəbhə açmaq və ya Cənubi Qafqazda yeni münaqişədən Rusiyanın Ukraynada mübarizəsi üçün yeni meydan yaratmaq istəyirlər. Bu, Türkiyə və Azərbaycan üçün son dərəcə əlverişsiz bir vəziyyətdir. Türkiyə və Ermənistanda yaratdığı xüsusi iclas qrupunda sərhəd qapılarının üçüncü dövlət vətəndaşlarına açılması məsələsi gündəmə gəlib. Milli Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında danışıqların mərhələsi yenidən gündəmə gətiriləcək. Cənubi və Şimali Kipr Respublikasında olduğu kimi Azərbaycanda da Ermənistan arasında münaqişənin 30 il ərzində həllinin mümkün olmadığını və bunun regional strategiyalar üçün son dərəcə zərərli olduğunu nəzərə alaraq, Türkiyə hər iki tərəfə üçtərəfli sülhü tövsiyə etməlidir”.