"İranda tədirəcən ikinci dil statusunu bərpa edən Azərbaycan (türk) dili ilə Azərbaycan Respublikasındakı Azərbaycan ədəbi dilin iki fərqli dilə çevrilməsi qaçılmazdır"
"Məsud Pezeşkianın seçkiqabağı vədə əməl edib dilimizlə bağlı hansısa addımlar atması təqdir olunmalıdır. Amma biz bu prosesə nə qədər hazırıq? İndi daha çox bu haqda düşünmək lazımdır".
"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Cəmaləddin Quliyev deyib.
Politoloq bildirib ki, İranın yeni prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasının 15-ci maddəsini tətbiqi ilə bağlı komitə yaradıb və komitəyə rəhbərlik tanınmış sosioloq alim Cavad Miriyə həvalə edilib:
"Cavad Miri bu posta keçmiş fəaliyyəti nəzərə alınaraq təyin olunub. Xatırladaq ki, İran konstitusiyasının 15-ci maddəsi “məhəlli və tayfa dillərində” mətbuat və təhsil hüququ tanıyır. Həmin maddənin tətbiqi ilə bağlı hələ 1990-cı illərdə müəyyən təşəbbüslər olsa da, ciddi uğur gətirməmişdi. 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan vilayətlərinin əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. Ruhani həmçinin Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılacağını bildirmişdi. Amma paniranistlər konstitusiyanın həmin maddəsinin yalnız azlıq kimi tanınan dini icmalara (erməni və yəhudilərə) şamil edildiyini deyir. Müsəlman icmalara, xüsusən azərbaycanlılara belə haqqın tanınmasını istəmirdilər. Son zamanlar, xüsusən II Qarabağ savaşının İran azərbaycanlıları arasında milli özünüdərki gücləndirməsindən sonra keçirilən aksiyaların əsas şüarlarından biri ana dildə təhsil idi. Şüarlar belə idi - “Ana dildə mədrəsə, olmalıdır hər kəsə!”. Bəzən bu tələblər 1946-cı ildə qurulmuş Pişəvəri hökumətini anma çağırışlarını da özündə ehtiva edir ki, bu, İran siiyasi sistemi üçün arzuolunmaz bir haldır".
Analitik vurğulayıb ki C.Miri ata xəttilə Şimali Azərbaycana və Şimali Qafqaza bağlılığı var. Ailənin ana xəttilə rus qarışığı da var:
"Cavad Mirinin babası Pişəvəri hökumətində təmsil olunmuş, hökumətin generallarından biri olmuşdu. C.Miri özü isə dini sosiologiya və Əli Şəriəti irsinə dair tədqiqatları ilə tanınır. İrandakı dini rejim islam inqilabının ideoloqlarından olmuş Əli Şəriətini 80-90-cı illərdə unutdurmağa çalışanda bu tədqiqatlar maraqla qarşılanırdı. Elmi təqdiqatlarında müəyyən sərbəstlik onun əsərlərinin bir çoxunu İsveçdə dərc etməsi, həm də İsveç alimi kimi tanınması sayəsində mümkün olub. C.Mirinin daha bir fəaliyyəti isə 2022-ci -2023-cü illərdə diqqət çəkmişdi. O, Təbrizdə bir qrup azərbaycanlı ziyalının Türk dili Akademiyası (Fərhəngestane-zəbane-torke) yaratmaq təşəbbüsündə iştirak etmişdi. Bu təşəbbüs “azeriha” kimi paniranist nəşrlər tərəfindən kəskin tənqid edilmiş, həmin ziyalılar separatizmdə suçlanmışdı. İslahatçılara yaxın “Ensafnews” isə C.Miri ilə əks mövqedə olan paniranistlərin debatını təşkil etmişdi. Paniranistlər ənənəvi tezislərini səsləndirir, Azərbaycan dili akademiyasının təsis edilməsini “vahid irani kimliyini” dağıdacağını deyir, azərbaycnalıların “üç min illik irani mədəni kökləri” haqda cəfəngiyatlarını təkrarlayırdılar. "İranşəhri" tərəfdarlarının “pantürkizmin güclü səsi” adlandırıdığı C.Miri onlara cavabında türk - Azərbaycan dilinin bölgədə ərəb və fars dilləri ilə yanaşı tarixən mövcud olduğunu, öz tarixi ədəbi ənənələri olan dilin qorunmasının İranın ərazi bütövlüyünü təhdid etməyəcəyəini bildirmişdi".
C.Quliyev əlavə edib ki, dünyada dil akademiyaları daha çox rəsmi dillər, eləcə də ölkə ərazisində qanunla tanınan və ədəbi ənənələri olan dillərlə bağlı dövlət siyasətini həyata keçirir:
"Dildə yenilikləri qeydə almaq, gedən prosesləri tənzimləmək, qrammatikanın və terminlərin unifikasiyanı təmin etməklə məşğul olur. Şimali Azərbaycanda bu siyasəti əvvəllər İstilah Komitəsi, hazırda müəyyən qədər Nəsimi adına Dilçilik İnstitutu və digər qurumlar həyata keçirir. Müəyyən qədər ona görə deyirik ki, heç bir quruma dövlət dil siyasətini həyata keçricək geniş səlahiyyətlər verilməyib. Terminologiya Komissiyasının, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, Tərcümə Mərkəzinin və Dilçilik İnstitunun bu sahədə fəaliyyətlərini necə uzlaşdırmaları qeyri-müəyyəndir. Üstəlik o fəaliyyətlər haqda cəmiyyətdə yetərincə ciddi irad və suallar da var. Daha çox təəssüf doğuran odur ki, bizdə dil siyasətinə məsul qurumlar Azərbaycan dilinin vahidliyinin qayğısına qalmayıblar. Bu istiqamətdə hər hansı ciddi təşəbbüsləri yoxdur. Bu qurumlar çox zaman siyasi trendlərə ayaq uyduraraq ortaq türkcə müzakirələrində fəaldırlar. Ortaq türkcə naminə orfoqrafiyamızda qoşa “y“ samitli sözlərin bir “y” ilə yazılmasını təklif ediblər və s. Dillə bağlı hansısa addım atılanda Cənubi Azərbaycanda yaşayan 10 milyonlarla soydaşımızla anlaşmanın qorunması kimi bir xətt gözlənməyib".
Siyasi şərhçi qeyd edib ki, dəyişikliklərin tədricən dilimizin cənub versiyası ilə Şimali Azərbaycandakı versiyasının iki idioma çevrilməkdə olduğu nəzərə alınmayıb:
"Terminlərin və qrammatik qaydaların unifikasiyası, birgə lüğətlərin çap olunması üçün təşəbbüslər göstərilməyib. Cənubi Azərbaycanın hər vilayəti üçün xüsusi dil standartları hazırlanmasına reaksiya verilməyib. Nəinki reaksiya verilməyib, Ərədəbil imamcüməsinin təşəbbüsü ilə bu standartların tətbiqi məqsədilə keçirilən elmi toplantılarda şimali azərbaycanlı alimlər iştirak ediblər. Zərərli tendensiya əleyhinə bircə kəlmə də fikir səsləndirməyiblər. İrandan yaranacaq yeni komitənin fəaliyyəti Azərbaycan Respublikasındakı dil siyasəti ilə uzlaşdırılmasa, terminlərin unifikasıyasına təşəbbüslər göstərilməsə, İranda tədirəcən ikinci dil statusunu bərpa edən Azərbaycan (türk) dili ilə Azərbaycan Respublikasındakı Azərbaycan ədəbi dilin iki fərqli dilə çevrilməsi qaçılmazdır".