Toğrul İsmayıl: Aqressiv dövlət siyasətindən əl çəkməyən Ermənistanın düzəlməsi lazımdır

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd edilib ki, hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşlə bağlı konkret razılaşmalar yoxdur.
Ermənistan XİN Ankaradan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlıq və öhdəlik gözlədiyini vurğulayıb.

İrəvan və Ankara arasındakı münasibətləri “Sherg.az”a dəyərləndirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl söyləyib ki, Ermənistan tərəfinin açıqlamaları söz demaqoqluğundan başqa bir şey deyil: 

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirməyə sadiq olduğunu bildirsə də, rəsmi Ankaranın ən sadə tələbini yerinə yetirmir. Bu tələb isə İrəvanın Bakı ilə sülh prosesini tez bir zamanda həll etməsidir. Əsas şərt icra olunmadıqdan sonra digər fikirlər sadəcə söz yığınıdır. Daha əvvəl Türkiyə hava yollarını Ermənistan təyyarələri üçün açdı. Amma qarşılığında əli qanlı terrorçu olan Soğoman Tehliryana İrəvanda heykəl qoyuldu. Yəni Ermənistanın iç üzü budur. Ermənistan boş-boş vədlər ortaya qoyur və Türkiyəyə qarşı əsassız iddialar səsləndirir. Ermənistan tərəfindən Türkiyəyə torpaq və soyqırım iddiası davam etdiyi halda necə sülh razılığı əldə oluna bilər? Aqressiv dövlət siyasətindən əl çəkməyən Ermənistanın düzəlməsi lazımdır. Əgər bu baş tutmasa, münasibətlərin normallaşması yönündə müsbət addımları atılması gözlənilən deyil”.


Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib.