Pezeşkiana hərəkətinə görə alqış düşür  - ŞƏRH

O, bunu öz ana dilinə hörmət və sevgisindən dolayı edib

“Bu, eyni zamanda İranda yaşayan 40 milyon azərbaycanlıya verilən mesajdır”

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində müsahibə verməsi cənub qonşumuzda birmənalı qarşılanmayıb. İranın "Şərq" qəzetində tənqidi yazı dərc olunub. Ehsan Huşməndin imzası ilə yayılan yazıda Prezident Aparatının məsullarına xəbərdarlıq edilib. Yazıda prezidentin Azərbaycan dilində müsahibə verməsinin separatizm və millətçilik meyillərini gücləndirəcəyi iddia edilib. Huşmənd Məsud Pezeşkianın Azərbaycan dilində müsahibəsinin xarici ölkələrin mediasında rezonans doğurduğunu və bunun ölkənin bütövlüyünə təhlükə olduğunu yazıb. Panfarsist cərəyana bağlılığı ilə tanınan yazı müəllifi müsahibə verən şəxsin işlətdiyi ifadələrin "Bakı dili"nə xas olduğunu, bunun İranda işlədilən dil və mədəniyyətə uyğun olmadığını bildirib. Qeyd edək ki, Məsud Pezeşkian bir neçə gün əvvəl güneyli fəal Rəşid Daneşcuyiyə Azərbaycan dilində müsahibə verib. O, müsahibəsində İran Azərbaycanındakı problemlərin, Urmiya gölünün qurumasının qarşısının alınması və ana dilində təhsil problemlərinin həllinə söz verib. Prezident deyib ki, o hələ dövlət idarəsini yeni qəbul edib. İranda rəhbər şəxslərin Azərbaycan dilində danışması görüntüsü ilk dəfə Rza Şah Pəhləvinin Atatürklə görüşündən yayılmışdı. Bundan başqa, İranın Ali Dini Lideri də bir-iki dəfə Azərbaycan dilində qısa danışıb.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, İran dövlət kimi tarixi qırılma nöqtəsinə yaxınlaşır. Ekspertin sözlərinə görə, İranın qədim tarixi ənənələrinin daşıyıcısı olan azərbaycanlıların uzun illərdir sıxışdırılması, diskriminasiyaya məruz qalması, ana dillərində təhsildən kənarlaşdırılması İran rejiminə qarşı ciddi mövqe formalaşdırıb:

"Nəticədə İran daxilində real şəkildə bir-birinə qarşı dayanan əsas iki güc formalaşıb. Son prezident seçkiləri mövcud qarşıdurmanın hələlik sakit şəkildə kuliminasiya nöqtəsi oldu. Adətən, İrandakı daxili proseslərə ciddi qarışmayan azərbaycanlılar bu dəfə siyasi iradə göstərdilər və gözlənilmədiyi halda öz namizədlərinin arxasında durdular. Etnik azərbaycanlı Məsud Pezeşkian hakimiyyətə gəldi. O, seçki marafonunda da Azərbaycan dilində danışdı, görüşlər keçirdi. Azərbaycan dilinin İranda yenidən tədris olunması, dirçəldilməsi üçün çalışacağına söz verdi. İndi də Məsud Pezeşkianın Azərbaycan dilində müsahibə verməsi təbii ki, verdiyi sözlərin həyata keçirilməsi yolunda addımların tərkib hissəsi sayıla bilər. Adam öz ana dilində danışıb, burada qeyri-adi nə var ki?! Farsca, ya kürdcə danışsaydı, belə etirazlar olacaqdımı?". 
Analitikin qənaətincə, İran molla rejiminin ruporlarının Pezeşkianın öz doğma dilində müsahibə verməsini "separatizm və millətçilik" adlandırması yersiz və mənasız ittihamdır: "İnsanın öz doğma dilində danışmasından təbii heç nə ola bilməz. Prezident Məsud Pezeşkiana bu hərəkətinə görə alqış düşür. O, bunu öz ana dilinə hörmət və sevgisindən dolayı edib. Bu, eyni zamanda İranda yaşayan 40 milyon azərbaycanlıya verilən mesajdır. Azərbaycan xalqı öz dilini daha uca səslə işlətməlidir ki, bu səsdən İranın fars-molla rejiminin qulaqları kar olsun. Vəziyyəti elə hala gətirməliyik ki, Azərbaycan dilində danışmaq İranda heç kimdə qıcıq yaratmasın".