Pavel Durovun həbsi başqa böyük bir prosesin tərkib hissəsi ola bilər
"Teleqram"ın həmtəsisçisi Pavel Durov avqustun 24-də Parisin Le-Burje Hava Limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti "Teleqram"da moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir. “Reuters“ məlumat yayıb ki, Pavel Durov daha 48 saat Fransa polisinin nəzarətində qalacaq. Pavel Durovun mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıblar. Fransa Prezidenti Emmanuel Makron Pavel Durovun həbsinin siyasi qərar olduğunu inkar edib. Makron həbsin davam edən məhkəmə istintaqı çərçivəsində baş verdiyini bildirib.
"Fransa ciddi sübut təqdim etməsə, Durovun işi siyasi hesab edilə bilər"
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, dövlət qulluqçuları heç bir messencerdən xidməti məqsədlər üçün istifadə etməməlidir. Peskov "Teleqram" platformasında yazışmaları təmizləməyi “tam axmaqlıq” adlandırıb. Kremlin sözçüsü qeyd edib ki, Kremldə messencerlərdən xidməti məqsədlər üçün istifadə etmirlər: "İnformasiya təhlükəsizliyi baxımından heç bir messencer etibarlı deyil, o cümlədən "Teleqram". Fransa onun təqsiri ilə bağlı ciddi sübut təqdim etməsə, Durovun işi siyasi hesab edilə bilər". Peskov vurğulayıb ki, Rusiya Durova yardım göstərməyə hazırdır, lakin onun Fransa vətəndaşı olması vəziyyəti çətinləşdirir: "Ümid edirik ki, cənab Durov öz hüquqi müdafiəsini təşkil etmək üçün bütün lazımi imkanlara malikdir". Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya diplomatları "Teleqram"ın təsisçisi Pavel Durovun Parisdə saxlanılması ilə bağlı bütün lazımi səyləri göstəriblər: "Biz Qərbdə, necə deyərlər, vəhşi səs-küy yaradan insan haqları strukturlarının heyrətamiz sinxron sükutunu vurğulayırıq".
Mask Durova görə Makrona müraciət edib
Amerikalı milyarder İlon Mask Parisdə Pavel Durova görə Fransa Prezidenti Emmanuel Makrona müraciət edib. Mask bildirib ki, qlobal ictimaiyyətə onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat vermək faydalı olardı. Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov Durovun Parisdə saxlanılmasının "Teleqram" üçün möhtəşəm reklam olduğunu iddia edib. Onun sözlərinə görə, "Teleqram" tətbiqinin yüklənməsinin sayı bütün dünyada, hətta messencerin əvvəllər populyar olmadığı ölkələrdə rekord dərəcədə artıb. Bildirilib ki, "Teleqram" ABŞ-nin ən yaxşı tətbiqləri reytinqində 18-ci yerdən 8-ci yerə yüksəlib və bu ölkədə sosial şəbəkələr arasında ikinci yeri tutub. Fransada isə "AppStore"da tətbiqlər arasında üçüncü olub və ölkənin sosial şəbəkələr kateqoriyasında birinci yerə çıxıb.
Durov həbs edildi, Pavlovski Avropadan qaçdı
"Teleqram"ın yaradıcısı Pavel Durovun həbsindən sonra “Rumble” videohostinq şəbəkəsinin yaradıcısı Kris Pavlovski Avropanı təcili tərk edib. Bu barədə Pavlovski sosial şəbəkədəki səhifəsində qeyd edib. O bildirib ki, Fransa “Rumble”ni də təhdid edirdi və indi "Teleqram"ın baş direktoru Pavel Durovu həbs etməklə qırmızı xətti keçdi: "“Rumble” bu cür davranışa dözməyəcək və universal insan hüququ olan ifadə azadlığı uğrunda mübarizə aparmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcək. Biz hazırda Fransa məhkəmələrində mübarizə aparırıq və Pavel Durovun dərhal azadlığa buraxılacağına ümid edirik”.
Durov bu ölkənin sifarişi ilə saxlanılıb - Fransız ekspert
Fransız politoloq və publisist Ksavye Moreau deyib ki, Fransa yeganə ölkədir ki, hüquq-mühafizə orqanları "Teleqram"ın yaradıcısı Pavel Durovu saxlaya bilər: “Təəssüf ki, mən bunu bir fransız kimi deyirəm. Durov ABŞ-nin tələbi ilə saxlanılıb. Konstitusiyaya söz azadlığı hüququnu təmin edən Birinci Düzəliş səbəbindən Vaşinqton bunu təkbaşına edə bilmədi. "Teleqram"ın təsisçisinə qarşı irəli sürülən ittihamlar da qəribədir. Mobil şirkətlərin rəhbərlərinin də başına bu iş gələ bilər. Çünki bundan istifadə edəcək narkotik satıcıları olacaq”.
Xamenei də Pavel Durovun saxlanılmasından danışıb
İranın ali rəhbəri S.Xamenei də “Teleqram” messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib. O deyib ki, kiberməkanda hər yerdə idarəetmə var: "Gördünüz ki, bu gənci (Pavel Durov) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydalarını pozduğunu göstərir". Qeyd edək ki, İranda 6 ildən çoxdur ki, "Teleqram"ın fəaliyyəti qadağan edilib.
"Paris hansısa səbəbdən öz vətəndaşını həbs edir?"
Politoloq Turab Rzayev deyib ki, Pavel Durovun həbsi başqa böyük bir prosesin tərkib hissəsi ola bilər. Ekspertin sözlərinə görə, ola bilsin, "Teleqram"ın məxfilik siyasətini pozmaq, insanların şəxsi məlumatlarına giriş əldə etmək məqsədi güdüblər:
"Məncə, bu həbs Rusiyaya qarşı müharibənin tərkib hissəsidir. Görünür, Moskvanı geniş informasiya silahından mərhum etməyə çalışırlar. Həmçinin Durova qarşı başladılan istintaqı Rusiyaya tətbiq edilən sanksiyaların tərkib hissəsi kimi də görmək olar. Pavel Durovun Bakı səfərindən sonra saxlanılması da təsadüf olmaya bilər. Bəlkə də, rəsmi Paris Bakıda kimlərin Durovla görüşdüyünü öyrənmək istəyir. Ondan Azərbaycanla bağlı məlumat əldə etməyin mümkün olduğunu düşünürlər. Yaxud "Teleqram" sahibinin Bakıya məlumat ötürməsindən şübhələnirlər. Ancaq Fransa hökuməti ilə öz vətəndaşı arasında olan problemlərin Azərbaycanla əlaqəsi olmamalıdır. Xatırladım ki, Durov 2020-ci ildə Rusiyada işləmək imkanının olmadığını səbəb gətirərək, BƏƏ vətəndaşlığını almışdı və Dubayda yaşayırdı. 3 il sonra isə Fransaya köçdü. Paris hansısa səbəbdən öz vətəndaşını həbs edir və "Teleqram"ın təhlükəsizlik kodlarını istəyir?".