Ukrayna heç bir halda Bakıdan inciyə bilməz  - RƏY

Azərbaycan bu ölkənin ərazi bütövlüyünü rəsmən tanıyır və bunu hər dəfə dilə gətirir

"Ukraynanın 60 faiz əli silah tutan vətəndaşları öz vətənlərini atıb, Avropa küçələrində sərgərdan dolanırlar". Bu sözləri "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Rusiya dövlət başçısı V.Putinin Bakıya səfərindən sonra Azərbaycanı ittiham edən Ukrayna rəsmiləri və mediası barədə danışan ekspert bildirib ki, Azərbaycan dövləti xarici siyasətini milli maraqlarına uyğun olaraq qurur: "Azərbaycan qonşu ölkələrlə normal əlaqələrin davam etməsində maraqlıdır. Rəsmi Bakı heç bir ölkənin istəyinə uyğun olaraq siyasət həyata keçirmir. Bəli, Rusiya Ukraynanın ərazilərini işğal edib və davamlı hərbi cinayətlər həyata keçirir. Amma bu o demək deyil ki, Bakı Moskva ilə düşmən olmalıdır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıyır və bunu hər dəfə dilə gətirir. Amma Rusiya-Ukrayna müharibəsi fonunda birtərəfli şəkildə anti-Rusiya siyasəti sərgiləmək Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O baxımdan, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən Ukrayna rəsmiləri inciyirsə, böyük səhv edirlər. Deyəsən, Ukrayna rəhbərliyi Azərbaycanın Ukraynaya humanitar yardımlarını yaddan çıxarıb. Birinci Qarabağ müharibəsində yurdlarından didərgin düşmüş 1 milyon azərbaycanlı heç bir ölkəyə sığınacaq üçün getmədi. Halbuki qaçqın kimi başqa ölkələrə gedə bilərdilər. Lakin Ukrayna əhalisinin böyük hissəsi Avropa küçələrində sərgərdan gəzir. Üstəlik, utanmadan Azərbaycandan incidiklərini bəyan edirlər, bizi suçlayırlar".